“Yuxarı devalvasiya zərərlidir” - Baş bankir məzənnədən danışdı

yuxari-devalvasiya-zererlidir
Oxunma sayı: 8252

“Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir”.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, bunu mərkəzi bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq.

Dünyada da biz görürük ki, 30%-lik avro-dollar rallisi getdi sonradan geri qayıdır qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı səviyyəyə, həm əhali üçün, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə salmaqdır. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”.

Ölkədə inflyasiyanın 11% səviyyəsində olduğunu deyən E.Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir: “Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi, situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük. Bununla əlaqədar biz proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”.