Yoxlamalar 19 mindən 34-ə düşdü - Bəs bazarda nə dəyişdi?

yoxlamalar-19-minden-34-e-dusdu-
Oxunma sayı: 3392

Xəbər verdiyimiz kimi, 2015-ci il noyabrın 1-dən Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması iki il müddətinə dayandırılıb. İqtisadiyyat naziri Şahin Mustafayev həmin tarixdən bəri ölkə ərazisində sahibkarlıqla bağlı cəmi 34 yoxlama aparıldığını bildirib. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci rübündə bu rəqəm 19 mindən yüksək olub. Bir sözlə, sahibkar fəaliyyətinin yoxlanmasında ciddi - 500 dəfəyədək azalma var.

Bəs sahibkarlar üçün yaradılmış bu imkan bazar iqtisadiyyatına necə təsir edib?

Qafqazinfo”nun əməkdaşları bu suala cavab tapmaq üçün əvvəlcə paytaxtda fəaliyyət göstərən bir neçə iaşə obyektində olub, sahibkarlarla söhbətləşiblər. Demək olar ki, hamının suala cavabı eyni olub: “Ötən illərə nisbətən yoxlamalarda ciddi fərq var, ancaq bu dəfə də müştəri yoxdur...”

“Əlincə” ət və tərəvəz dükanının sahibi Kərim dayının sözlərinə görə, artıq 17 ildən çoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əvvəlki illərdə tez-tez yoxlamalar gəlsə də, bu il hələ ki, onu narahat edən olmayıb:

“Əvvəllər yoxlamalar çox olurdu, indi fərq açıq-aşkar görünür. Məsələn, qadağadan sonra yoxlama üçün gələn olmayıb. Bu, çox müsbət haldır. Ən azından, sahibkar kimi bir şey edə bilirik”.

Kişi salonunun türkiyəli sahibi Kadir Homak Azərbaycanda sahibkarlıq fəaliyyətinə yenicə başlayıb. Hələ ki, obyektinə yoxlamanın gəlmədiyini bildirən sahibkar bu qərarın gələcək fəaliyyətində müsbət rol oynayacağını söyləyib.

Söhbətləşdiyimiz digər sahibkarlar da bu il müxtəlif səbəblərlə yoxlama üçün gələnlərin sayının azaldığını bildirib. Ancaq bu dəfə də əhalinin alıcılıq qabiliyyəti aşağıdır.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sahibkarlıq subyektlərində yoxlamaların 2 illiyə dayandırılmağı ilə yanaşı, lisenziya tələb olunan fəaliyyət növlərinin də sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb:

“2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoymuşuq. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılması deməkdir. Ötən ilin sonu və cari il ərzində özəl sektorun inkişafı ilə bağlı ölkə rəhbəri tərəfindən imzalanan sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarlar şəffaf şəkildə fəaliyyət göstərəcəklər.

Son bir neçə ayın nəticələri göstərir ki, yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırma, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası özəl sektorun genişlənməsinə şərait yaradıb. Yeni sistem sahibkarların fəaliyyətinə kimlərsə tərəfindən yersiz müdaxilələrə heç bir halda imkan vermir. Sahibkar sadəcə dövlət qarşısında məcburi öhdəliklərini, o cümlədən, dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura bilirlər”.

Məsələylə bağlı “Qafqazinfo”ya münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev lazımsız yoxlamaların dayandırılmasının sahibkarlıq fəaliyyəti üçün müsbət hal olduğunu söyləyib. Lakin ekspert vurğulayıb ki, aparılması vacib olan yoxlamalar da var:

“Bütün hallarda yoxlamaların dayandırılması sahibkarlıq fəaliyyəti üçün yaxşıdır. Lazımsız yoxlamalar sahibkarları o qədər bezdirmişdi ki, indi bu qərar hamını sevindirir. Belə bir deyim var ki, qurunun oduna yaş da yanır. Ancaq aparılması vacib olan yoxlamalar da var. Belə çıxır ki, həmin yoxlamalar da dayandırılıb. Bu da sui-istifadə hallarına gətirib çıxara bilər. Əsas odur ki, iki il müddətindən sonra aparılmayan yoxlamaların əvəzini çıxmaq üçün sahibkarlardan daha 2 qat, 3 qat pul alınmasın”.

S.Əliyev onu da qeyd edib ki, sahibkarlar yoxlamalardan daha böyük problemlərlə qarşılaşırlar:

“Bu gün sahibkarların əsas problemi yoxlamalar deyil. Aradan qaldırılması vacib olan bundan daha böyük problemlər var. İlk növbədə rəqabət mühiti yaradılmalıdır. İstər idxalda, istərsə də ölkə daxilində hazırda güclü monopoliya var. Bundan başqa, sahibkarlar maliyyə çətinlikləri yaşayırlar. Onlar bu gün faktiki olaraq pul tapa bilmirlər, kredit yoxdur, faizlər çox yüksəkdir. Bir sözlə, biznesi genişləndirmək üçün münbit şərait yoxdur. Öncə bu addımlar atılmalıdır”.

Günel Hacı

Fotolar: Nuran