Yeni rüsumlar qüvvəyə minir - Bizi nə gözləyir?

yeni-rusumlar-quvveye-minir-
Oxunma sayı: 4657

Dünya Sakit

Nazirlər Kabinetinin bir sıra məhsulların idxalına əlavə rüsumun tətbiq olunmasına dair qərarı birigündən qüvvəyə minir.

Bazar ertəsindən etibarən Azərbaycana idxal olunan 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu tutulacaq. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Qeyd edim ki, bu qərarla bağlı mövqelər ziddiyyətlidir: hökumət rəsmiləri qərarı daxili bazarı qorumaq, yerli istehsalı dəstəkləmək tədbiri adlandırırsa, bır çox müstəqil ekspertlər onu büdcəni doldurmağa yönəlmiş addım kimi qiymətləndirir.

Əslində bu cür qərarlar dünyada daha çox “proteksionizm” siyasətinin tərkib hissəsi hesab olunur. Hökumətlər yerli məhsulları qorumaq, yerli istehsalçıları dəstəkləmək üçün, bəzən hansısa ölkələrlə pis münasibətlərdən qaynaqlanaraq əlavə və yüksək gömrük rüsumları ilə müəyyən qrup məhsulların idxalını məhdudlaşdırırlar.

Nazirlər Kabinetinin qərarına baxdıqda, onun əsasən ölkə daxilində istehsalı tələbatı ödəyəcək məhsullara şamil olduğunu görmək olur. Məsələn, toyuq və toyuq məhsullarının Azərbaycanda onlarla istehsalçısı var və istehsal həcmi daxili tələbatı tam təmin edəcək səviyyədədir. Eyni sözləri spirtli içkilərlə, meyvə-tərəvəz, qərarın şamil olunduğu əksər tikinti materialları ilə bağlı da demək olar.

Beləliklə, Azərbaycanın yerli istehsalı stimullaşdırmaq üçün bu yolu seçməsi müsbət nəticələr verəcək, o zaman ki:

1.Qərardan spekulyantların sui-istifadəsinin qarşısı alınsın -

Bunu ona görə qeyd edirəm ki, bəzi məhsullar üzrə qərarın açıqlanmasından bir neçə həftə əvvəl izahı olmayan proseslər baş vermişdi. Belə ki, ticarət şəbəkəsi üzvləri ilə apardığım söhbətlərdən aydın olur ki, ölkənin yumurta tələbatının 30 faizə qədəri idxal hesabına təmin olunur. Bu halda yumurta qərar qüvvəyə minəndən sonra bahalaşmalıydı, amma maraqlıdır ki, bu proses qərar açıqlanmazdan 2 həftə əvvəl start götürdü - yumurta 15 qəpiyə qalxdı. O zaman əslində heç bir iqtisadi əsası olmayan bu bahalaşmanın səbəbini izah edən də olmadı.

Eyni zamanda avqustun sonu, sentyabrın əvvəlində bütün ölkə boyu müəyyən qruplar fındıq-qozun kiloqramına 5-6 manat ödəyərək yığmağa başladı. Hətta bu məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə yol acdı, amma yenə səbəbini izah edən tapılmadı. Sentyabrın 23-də Nazirlər Kabinetinin müvafiq qərarı açıqlandıqdan sonra aydın oldu ki, ondan əvvəlcədən xəbərdar olan işbazlar özləri üçün “hazırlıq” tədbirləri görüblər.

Bütün bunları nəzərə alaraq, müvafiq qurumlar qərar qüvvəyə minəndən sonra bu məhsulların yenidən bahalaşdırılmasının qarşısını almalıdılar. Əks halda, gözlənilən effekt əvəzinə süni qıtlıq və bahalaşma ala bilərik;

2. Bu qərardan “ruhlanan” bəzi iri istehsalçıların ifrat monopolizm meylləri önlənsin -

Məlum qərardan sonra xeyli sayda sahibkar istehsal etdiyi məhsullar üçün də eyni addımın atılması təşəbbüsü qaldırıb. Onların bəzilərinin hökumətə təsir imkanlarının olduğunu nəzərə alsaq, bu, çox qorxulu tendensiyadır. Çünki həmin sahibkarlar dedikləri məhsulların əksəriyyəti üzrə daxili bazarı tam təmin etmək iqtidarında deyillər. Bəzi məhsulların isə yalnız bir istehsalçısı var. Bu halda, həmin məhsulların xaricdən gətirilənlərinə əlavə rüsumların tətbiqinin ölkədə qıtlığa, bahalaşmaya səbəb olaraq sosial narazılıq mənbəyinə çevrilməsi təhlükəsi böyükdür. Bundan əlavə, hətta daxili bazarı tam təmin etsə belə, 1 istehsalçısı olan məhsulun idxalına maneə yaradılması ciddi keyfiyyət probleminə gətirib çıxara bilər.

Ümumiyyətlə, bundan sonra dövlətin üzərinə daxili bazardakı prosesləri keyfiyyət və qiymət baxımından ciddi nəzarətə götürmək kimi mühüm iş düşür. Xüsusilə idxalı məhdudlaşacaq məhsulların istehsalçıları arasında qiymətə bağlı sövdələşmələrə imkan verilməməlidir.