“Vergi yoxlamalarının sayı azaldılıb” - İdarə rəisi

vergi-yoxlamalarinin-sayi-azaldilib
Oxunma sayı: 2130

QafqazinfoVergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevin «Vergilər» qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edir:

- Prezident ötən ilin sonlarında sahibkarlıq subyektlərinin iqtisadi fəallığının artırılması məqsədilə yoxlamaların sayının azaldılması barədə sərəncam verib. Ötən dövrdə bu sahədə mövcud vəziyyət necə olub?

- Ötən ilin sonlarından başlayaraq, ölkə başçısının müvafiq fərmanına əsasən, dövlət qurumlarının sahibkarlıq subyektlərində apardığı yoxlamalar, vergi yoxlamaları istisna olmaqla dayandırılıb. Həmin fərman vergi yoxlamalarına şamil olunmasa da, Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq dayandırılıb. Beləliklə, ölkədə sahibkarlığın inkişafı, sahibkarlıq subyektlərinin öz fəaliyyətini yeni iqtisadi şəraitə uzlaşdırılması üçün münbit şərait yaranıb.

Bununla belə, yaddan çıxarmaq lazım deyil ki, vergilərin ödənilməsi hər kəsin Konstitusiyada təsbit olunmuş vəzifəsidir və bu baxımdan sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinə vergi nəzarəti təmin olunur. Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin fəaliyyətinə distant nəzarət sistemlərinə malikdir və kiçik sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına baxmayaraq, operativ vəziyyətə nəzarət edilir.

- Ötən dövr ərzində aparılan səyyar vergi yoxlamalarının və ümumiyyətlə vergi nəzarəti tədbirlərinin sayında nə qədər azalma müşahidə olunur?

- 2015-ci ilin oktyabr ayının 1-nə olan tarixə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ilin iyunun 1-i tarixinə onların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir. 2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9% az olub.

2015-ci ilin yanvar-may ayları ərzində 36066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4743 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir.

Operativ vergi nəzarəti tədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 milyon 963,6 min manat olduğu halda, bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib. Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb ki, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib.

- Vergilər Nazirliyinin son dövrlərdə həyata keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra müəssisələrdə qanunvericiliyin pozulması hallarının aşkarlandığı barədə məlumat verilmişdi. Hansı növ fəaliyyətlə məşğul olan vergi ödəyicilərində belə hallara daha çox rast gəlinir və bunlar hansı qəbildən olan qanun pozuntularıdır?

- Bir sıra sahələrdə, xüsusilə ticarət və iaşə, habelə müəyyən qədər istehsal sahələrində vergidən yayınma halları hələ də çoxdur. Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə aparılmış təhlillər, mənbəyi məlum olan məlumatlar və sahələrə təhkim olunmuş vergi əməkdaşları tərəfindən aparılmış müşahidələr zamanı müəyyən edilmiş riskli vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulduğu aşkar edilməkdədir. Xüsusilə də, hazırda yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verilir.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir. Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib.

Ümumiyyətlə, sahibkarlıq subyektlərinin vergi yoxlamaları və ya vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyalarına məruz qalması əsas etibarilə onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılmaması, pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması nəticəsində baş verir.