Vergi ilə bağlı yeni güzəştin xeyri nə olacaq?

vergi-ile-bagli-yeni-guzestin-xeyri-ne-olacaq
Oxunma sayı: 1287

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili prezident İlham Əliyevin ötən gün xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunması ilə bağlı verdiyi fərmanın əhəmiyyətindən danışıb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili qeyd edib ki, beynəlxalq yük daşımalarının həcmi ölkəmizdə getdikcə artmaqdadır: “Şimal-Cənub, Şərq-Qərb kimi iri nəqliyyat dəhlizi layihələrinin reallaşması, Azərbaycan prezidentinin təşəbbüsü ilə regionda uğurlu üçtərəfli əməkdaşlıq formatlarının yaradılması bu sahənin qeyri-neft sektorunda xüsusi payının sürətlə artmasını labüdləşdirir. Eyni zamanda Azərbaycan nəqliyyat dəhlizinin digər ölkələri ilə intensiv danışıqlar apararaq tariflərin azaldılmasına və vahid tarif sisteminin yaradılmasına çalışır. Vahid tarif və daşıma siyasəti bu nəqliyyat dəhlizlərini kifayət qədər cəlbedici və iqtisadi cəhətdən əlverişli edəcək.

Təbii olaraq yüklərin daşınmasında Azərbaycan ərazisində həm avtomobil, həm də dəmir yollarından geniş istifadə olunması bu sahədə də vahid cəlbedicilik siyasətinə ehtiyac yaradırdı. Dövlət başçısının son fərmanı ilə yüklərin qarışıq daşınması zamanı (avtomobil və dəmir yollarından istifadə) onların dövlət rüsumundan azadolunması xarici yüklərin Azərbaycan ərazisindən daşınmasını təşviq edəcək çox mühüm addımdır. Bu həm də yükdaşıma texnologiyalarının tam həcmdə və effektiv olaraq istifadəsinə ciddi bir dəstəkdir. Bu addımlarla Azərbaycan Avropa və Asiya arasında yükdaşımalar bazarında çox cəlbedici və rəqabətqabiliyyətli bir ölkəyə çevrilməkdədir”.

Sözügedən komitənin üzvü, millət vəkili Vahid Əhmədov da fərmanın əhəmiyyəti ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Millət vəkili bunun əsasən İranla Azərbaycan arasında olan yolla əlaqədar olduğunu nəzərə çatdırıb: “Bilirsiniz ki, İranla Azərbaycan arasında dəmir yolu yoxdur. Hər yük daşıyanda bir vaqonu üç maşın yük gedir. Bu da təxminən 1000 dollara kimi vergi edir. Prezidentin İran səfərində bu məsələ müzakirə olundu. Sonra Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov İranda danışıqlar apardı. İranla Azərbaycan arasında Astara çay üzərindən körpü tikilir və dəmir yolu çəkilir. Üç il müddətinə dəmir yolu istifadəyə verilməlidir. Ona görə də vergidən azad edilir ki artıq yük olmasın. Həm Dəmir yollarında işlər gedir, müəyyən avadanlıqlar alınır, bunlara da vəsait lazımdır. Bu fərmanla avtomobil yolları gediş-gəliş üçün rahatlaşacaq, vergi ödəməyəcəklər. Yük daşımaların miqdarı arta bilər. Həm də Dəmir Yolunda vəsaitin toplanmasına çox böyük ehtiyac var, çünki xərclər böyükdür”.

Günel Türksoy