Uçot dərəcəsinin artırılması Azərbaycanda nəyi dəyişəcək?

ucot-derecesinin-artirilmasi-azerbaycanda-neyi-deyisecek
Oxunma sayı: 2530

Yeni ildən etibarən Mərkəzi Bankın uçot dərəcəsini yenidən artıracağı ehtimalları güclənib. Ekspertlər hesab edirlər ki, növbəti dəfə uçot dərəcəsi 18-20%-ə kimi artırıla bilər. Bəs uçot dərəcəsinin artırılmasının hansı təsirləri ola bilər?

Qafqazinfo”nun məlumatına görə, iqtisadçı-ekspert Elman Sadıqov fins.az-a bildirib ki, 2017-ci ildə pul kütləsinin sterilizasiyası zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması Mərkəzi Bankın diqqət mərkəzində olacaq.

“Pul kütləsinin vəziyyətindən aslı olaraq, yəni inflyasiya təzyiqi artarsa, manata olan təzyiq nəzərdə tutulduğundan daha çox olarsa Mərkəzi Bank yenidən bu addımı ata bilər.Uçot dərəcəsinin neçə faizə çatırılması isə ötən ilin statistik məlumatlarından və mövcud vəziyyətdən aslı olacaq”.

Bununla belə ekspert hesab edir ki, hazırki vəziyyətdə uçot dərəcəsi maksimum 20%-ə qədər artırıla bilər.

Elman Sadıqov Mərkəzi Bankın uçot dərəcəsini yenidən artırmasının iqtisadiyyata təsirlərindən də danışıb. Onun sözlərinə görə, bunun iqtisadiyyata ciddi mənfi təsiri gözlənilmir. Belə ki, banklar uçot dərəcəsi 15%-ə qalxdıqdan sonra Mərkəzi Bankın resurslarından minimum istifadə etməyə başlayıblar. Ona görə də faiz dərəcəsinin 15% və yaxud 20% olmasının banklar üçün böyük əhəmiyyəti yoxdur. Bu sadəcə pulun dəyərinin artırılması anlamını yaradır:

“Statistikaya nəzər salsaq, indəyə qədər kreditlərin faiz dərəcəsi Mərkəzi Bankın uçot dərəcəsindən tam olaraq asılı olmayıb. Banklar kreditlərin verilişində daha çox öz maliyyə resurslarından istifadə ediblər. Məsələn, Mərkəzi Bankda uçot dərəcəsi 3-5% olanda, bank kreditləri 20-25%-lə verirdi. Ölkədə kredit faizlərinin artım tempi uçot dərəcəsinin artım tempindən çox aşağıdır və uçot dərəcəsinin artımının kreditlərin faiz dərəcələrinə təsiri cüzidir .Bu da onu göstərir ki, uçot dərəcəsi 20%-ə qaldırılsa belə bunun kreditlərə təsiri az olacaq. Həm də nəzərə alaq ki, hazırda kreditlərin də verilməsi minimum səviyyədədir”.

Ekspert bildirib ki, digər tərəfdən hazırda banklar böyük layihələrə kreditləri dayandırıblar. Amma böyük struktur layihələr üçün də kreditlərin 20-25%-lə verilməsi real görünmür. Bu sahədə daha çox Sahibkarlara Kömək Milli Fondunun vəsaitlərindən, güzəştli kreditlərdən istifadə edilməsi daha məqsədəuyğun olar.

Bundan əlavə, banklar Mərkəzi Bankdan 15%-lə cəlb etdikləri vəsaitləri kreditə yönəltmirlər. Bu vəsaitlər daha çox bankların sağlamlaşdırılma məsələlərinə, cari likvidliklərinin, qısa və orta müddətli əməliyyatların tənzimlənməsinə istifadə edilir.

Mərkəzi Bank uçot dərəcəsinin artırılmasına da son vasitə kimi baxır. Əsas effektiv vasitələr notların yerləşdirilməsi, depozit hərracları vasitəsilə depozitlərin cəlb edilməsi, dövriyyədən bu və digər şəkildə vəsaitlərin çıxarılmasıdır.

Ekspert hesab edir ki, ümumilikdə Mərkəzi Bankın yenidən uçot dərəcəsini artırması ilə bağlı hər hansı ajiotaj gözlənilmir. Çünki Azərbaycan bank bazarında kreditlərin faiz dərəcəsini əsasən Mərkəzi Bankın uçot dərəcəsi deyil, digər amillər, o cümlədən MB-dən cəlb edilən vəsaitlərin maya dəyərindən daha çox bankların öz daxili resurslarının maya dəyəri müəyyən edir.