Təşəbbüsləri niyə əldən veririk?

tesebbusleri-niye-elden-veririk
Oxunma sayı: 1647

Dünya Sakit

Bilənlər bilir ki, Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsü (EİTİ) İdarə Heyəti 2015-ci il aprelində Azərbaycanın bu Təşəbbüsdəki statusunu aşağı salıb – tamhüquqlu üzvdən üzvlüyə namizəd ölkəyə çevrilmişik.

Buna qədərsə Azərbaycanın 2003-cü ildən – demək olar ki, yarandığı günlərdən prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və qərarı ilə qoşulduğu bu prosesdə ölkəmiz ən yaxşı nəticələrə malik olub - Təşəbbüs çərçivəsində ölkənin hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı 16 hesabat açıqlanıb. Bu Təşəbbüsdə ilk tamhüquqlu ölkə statusunu alan məhz Azərbaycandır.

Bu uğurlara rəğmən İdarə Heyətinin məlum qərarı verməsinin əsas səbəbi isə Azərbaycanın 2013-cü ilin mayında EİTİ üzrə qəbul edilmiş yeni standartlara uyğun hesabatını – 2013-cü ilə dair – vaxtında hazırlayıb başa çatdıra bilməməsidir. Hansı ki, bu standartlar Azərbaycanın hasilat sektorundan (neft-qaz, qızıl) əldə edilən gəlirlərlə bağlı əvvəlki hesabatlara nisbətən daha geniş və daha detallı məlumatların açıqlanmasını nəzərdə tuturdu. Və həmin standartların qəbul olunduğu beynəlxalq konfransda Azərbaycanı təmsil edən hökumət nümayəndələri əslində müddət baxımından real olmayan bir işi – 2013-cü il üzrə hesabatı yeni qaydalara uyğun hazırlayacaqlarını öz üzərlərinə götürdülər. Real olmayan deyirəm, çünki yeni qaydalar hesabatlarda ciddi dəyişikliklər, əlavələr deməkdi. Azərbaycanda Təşəbbüsün icrasına qoşulan 30-dək hasilat şirkətinin böyük əksəriyyətinin onlardan xəbəri belə yox idi. Onların qısa müddətdə yeni qaydalara uyğun hesabat hazırlamaları real deyildi. Zaman göstərdi ki, heç o öhdəliyi götürənlərin özləri də yeni qaydaların gətirdiyi yeniliklərə hazır deyilmişlər. Nəticədə öhdəliyə əməl edə bilmədilər və qeyd olunan hesabat nəzərdə tutulan vaxtdan çox sonra – 2015-ci ilin iyulunda açıqlandı.

Hesabatın yubanmasının digər mühüm səbəbi Təşəbbüsün icrasında iştirak edən məmurların vətəndaş cəmiyyətini təmsil edən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının irəli sürdüyü təklifləri qəbul etməməsi idi. Tərəflərin birgə yaratdığı Çoxtərəfli Qrupda Koalisiya təmsilçilərinin əsas məqamlarla bağlı istənilən təklifi şirkətlər və hökumət nümayəndələri tərəfindən birmənalı şəkildə blok edilirdi. Buna görə də vaxtında şirkətlərin ödədiklərinə, hökumətinsə aldıqlarına dair hesabatlarını tutuşduracaq auditoru seçmək, yeni standartların tələb etdiyi digər tədbirləri həyata keçirmək mümkün olmadı. Halbuki ölkənin zərərinə olan qərar qəbul edildikdən sonra həmin məmurlar Koalisiyanın təkliflərinə normal yanaşmağı, müzakirələr aparmağı, kompromis nöqtələrini tapmağı rahatlıqla bacardılar. Amma təəssüf ki, gec idi və bütövlükdə Azərbaycanın beynəlxalq şəffaflıq prosesindəki mövqeyinə ciddi zərər vurulmuşdu.

Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının enerji və təbii sərvətlər üzrə direktoru Rikardo Puliti EİTİ-da statusun salınmasının Azərbaycan üçün yaratdığı mühüm bir təhlükənin anonsunu verdi: "Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsü (EITI) Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabr ayının 26-da Azərbaycanla bağlı toplantı keçirəcək. Toplantıda veriləcək qərar Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1,5 mlrd. dollar həcmində kreditin ayrılıb-ayrılmayacağında əsas rol oynayacaq" (APA).

Bu o deməkdir ki, oktyabrın 26-da Astanada Azərbaycanın EİTİ-dakı statusu bərpa olunmazsa, EBRD ölkə üçün strateji əhəmiyyət daşıyan iki layihəyə pul ayırmayacaq. Hətta qərar tam mənfi olmasa, statusun bərpası üçün Azərbaycana əlavə müddət verilsə belə, bu, gözlənilən zərəri azaltmayacaq: EBRD TAP və TANAP-ı maliyyələşdirməkdən imtina etməsə də, ən yaxşı halda əlavə zəmanətlər və ya zaminlər istəyəcək, yaxud faizlər yüksələcək və s. Bütün bunlar hər iki layihənin dəyərinin artmasına, son nəticədə isə Azərbaycanın yüz milyonlarla dollar itirməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır, bu zaman əlavə ödənişlərin bu strateji layihələri daha da bahalaşdıracağını bəribaşdan söyləyə bilərik.

Bütün bunlar bir daha göstərir ki, EİTİ kimi beynəlxalq şəffaflıq göstəricisinə çevrilmiş məsələlərlə zarafat etmək bizə baha başa gəlir.

Qeyd edim ki, bu ilin mayında Azərbaycanın beynəlxalq səviyyəli daha bir prosesdə - Açıq Hökumət Tərəfdaşlığında (AHT) fəaliyyəti dondurulub. Fəaliyyətin bərpa olunması üçün ölkə qarşısında bir sıra şərtlər qoyulub. Bu prosesin də getdikcə beynəlxalq səviyyədə etalonlaşması ondan xəbər verir ki, yaxın perspektivdə EBRD kimi digər iri maliyyə-kredit təşkilatlarının da qərarlarını Azərbaycanın EİTİ və AHT-dəki mövqeyinə bağlaması çox realdır. Bu isə maliyyə resurslarına ehtiyacının artdığı indiki dövrdə ölkəni beynəlxalq maliyyə mənbələrinə çıxışda ciddi çətinliklərlə üzləşdirə bilər.