Siqaret problemini necə həll etmək olar?

siqaret-problemini-nece-hell-etmek-olar
Oxunma sayı: 1485

“Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaradır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə yazıb. İqtisadçı bildirib ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər:

“Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılması vacibdir. Bu dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırır”.

İqtisadçı problemin həllini keçid müddətinin müəyyənləşdirilməsində görür:

“Əvvəlla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxti verilə bilər ki, bu müddətdə də xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar. İkincisi, nağdsız hesablaşmalar ilə bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarımızda, hətta paytaxa yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədə uyğundur. Dövriyyənin əhəmiyyəli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. Bu zaman, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var. Nəhayət, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”.