Şəmkirdə yeni Şəkər Emalı zavodu inşa ediləcək

semkirde-yeni-seker-emali-zavodu-insa-edilecek
Oxunma sayı: 1069

“Azərsun Holdinq” Şirkətlər Qrupu Şəmkir rayonu ərazisində şəkər çuğunduru əkinlərini həyata keçirib və gələn ildən bu sahələr genişləndiriləcək, yeni Şəkər Emalı zavodu inşa ediləcək.

Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu Şəmkir və digər rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəlməsinə və işlə təmin olunmasına mühüm töhfə verilmiş olacaq. Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər isə məhsullarını daha yaxın ərazidə yerləşən müəssisəyə təhvil verə biləcəklər ki, nəticədə daha az zaman itirərək daha çox gəlir əldə edə biləcəklər.

Bu barədə məlumat şəkər çuğunduru qəbulu mövsümünün başlanılması ilə əlaqədar olaraq “Azərsun Holdinq” və İmişli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunmuş Şəkər Bayramında verilib.

Tədbirdə millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri və Şirkətlər Qrupunun rəhbər şəxsləri iştirak ediblər.

İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ərzində əldə edilən uğurlar, yaradılan yeni iş yerləri barədə ətraflı məlumat verib.

“Azərsun Holdinq”in baş direktoru Savaş Uzan isə şəkər çuğunduru sahələrinin ildən ilə genişləndirildiyini, bununla dai İmişli və ətraf rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə veriləcəyini bildirib.

Tədbirdə ölkənin 29 rayonunda 3000-ə yaxın fermer təsərrüfatları tərəfindən yetişdirilən şəkər çuğundurunun qəbuluna start verildiyi bildirilib.