Qaz niyə tez-tez kəsilir?

qaz-niye-tez-tez-kesilir
Oxunma sayı: 1591

Qışın soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını daha da artırıb. “Azəriqaz” İstehsalat Birliyi isə bu soyuq havaları nəzərə almayaraq təmir işlərinə davam edir. Təmir işlərinin aparılması bəzi binalarda və həyət evlərində gün boyu qazın verilməməsinə və əhalinin etirazına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən münasibət öyrənib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb:

“Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hal-hazırda respublika ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir. Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca təbii qazın verilişində də artım olur. Onu da qeyd edim ki, zərurət yarandıqda hər hansı qəza olduqda işlər aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz təhcizatı şəbəkəsinin xeyli hissəsi SSRİ dən 60-70-ci illərdən qalan şəbəkədən ibarətdir. “Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik”.

Mətbuat xidmətinin rəhbəri jurnalistlərin binasına qaz verilməməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, jurnalistlərin binasına təbii qazın verilməsi onlar tərəfdən tənzimlənib və hal-hazırda bina qaz ilə təmin olunub.