“Prezident düzgün qərar verdi...”

prezident-duzgun-qerar-verdi
Oxunma sayı: 4539

Xəbər verdiyimiz kimi, ölkə başçısı tərəfindən sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq imzalanmadan Milli Məclisə geri qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, 50 min ABŞ dollarından yuxarı məbləğdə kapital axını xaricə çıxarıldığı təqdirdə, 20 faiz miqdarında cərimə tətbiq olunacaqdı. Həmin cərimə dövlət büdcəsinə ödəniləcəkdi.

Dəyişiklik Milli Məclisdə müzakirə olunan zaman da bir sıra millət vəkilləri, o cümlədən ekspertlər bunun sahibkarların və investorların marağına zidd olduğunu vurğulamışdılar. Böhran şəraitində ölkə iqtisadiyyatı üçün bu qərarın qəbul edilməsinin yanlış olacağını dilə gətirirdilər.

Qərarın imzalanmadan yenidən Milli Məclisə göndərilməsinin əhəmiyyəti barədə millət vəkilləri və ekspertlər fikirlərini “Qafqazinfo”ya açıqlayıb.

Millət vəkili Əli Məsimli bildirib ki, ola bilərdi ki, bu dəyişikliyin qəbul edilməsi danışılan səviyyədə ölkəyə ziyan vurmazdı, amma xarici investorlar belə qərarları bəyənmirlər: “Bu nöqteyi- nəzərdən qərar investorlara ciddi psixoloji təsir göstərir. Qanunvericilikdə də göstərilib ki, investorlar özlərinin qanun qarşısında olan vəzifələrini yerinə yetirəndən sonra qalan mənfəətlərindən necə istifadə etmələrində sərbəstdirlər. Bu bütün dünyada qəbul olunmuş prinsipdir. Həmin prinsipə hansısa bir əlavələrin edilməsi investisiya sahəsində narazılıq və problem yaradır. Buna görə də hesab edirəm ki, vaxtında bunun geri qaytarılması müsbət məqamdır. Çünki qanun işlək olan zaman onun fəsadları görünəcəkdi”.

Ə. Məsimli həmçinin əlavə edib ki, manatın ətrafında olan qeyri-müəyyənlik aradan qalxmayınca investorlar ölkə iqtisadiyyatına yatırım etməkdə maraqlı olmayacaq: “İnvestorlar hər dollarının, avrosunun götür-qoyunu edir. Buna görə də, milli valyutamız ətrafında olan qeyri-müəyyənlik də aradan qalxmalıdır”.
Deputat Fazil Mustafa qeyd edib ki, sözügedən dəyişiklik sahibkarların və investorların fəaliyyəti üçün təhlükəli idi: “Mən o zaman da Milli Məclisdə məsələ müzakirə olunarkən buna etirazımı bildirmişdim. Çünki belə olan halda heç kim ölkəyə investisiya qoymazdı. Hansısa sahibkar 1 milyonluq layihəyə imza atıb xaricdə iş görürsə, o pulu çıxartmaq üçün niyə müxtəlif bəhanələrlə qarşılaşmalıdır? Buna görə də prezidentin yanaşması doğrudur. Belə olardısa, ölkəyə kimsə kapital qoymazdı. Hamı fikirləşərdi ki, 50 mindən yuxarı məbləğin 20 faizini həmin dövlətin büdcəsinə verəcəyəmsə, bu onun maraqlarına uyğun olmayacaq. Buna görə də prezident tərəfindən bu istiqamətdə düzgün qərar verilib”.

İqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, ölkədə verilən qərarlar bir addım belə öncəsini düşünülmədən verilir. Bəzi dövlət qurumları öz lobbiçiliyi ilə qərarların qəbul edilməsinə çalışırlar: “ Sözügedən dəyişikliyin ləğv olunması isə pozitiv addımdır. İnvestorlar üçün belə qaydanın olması onlara neqativ mesaj idi. Bununla bağlı qərar verilən zaman onun ləğv olunması ehtimalının yüksək olduğunu demişdim. Çünki bu qərarın olması Azərbaycanın indiki durumunda onun imicinə mənfi təsir edir.

Ancaq bu istiqamətdə verilən qərarların ardı da gəlməlidir. Yəni investorlar üçün o qədər münbit şərait yaradılmalıdır ki, onlar Azərbaycana gəlməyə üstünlük versinlər. Tək valyutanın tənzimlənməsi ilə məsələ həll olunmur. Azad məhkəmələrin olması, vergi və gömrük siyasətinin sadələşdirilməsi və dərəcələrinin aşağı salınması lazımdır. Ölkənin indiki durumunda bir nömrəli məsələ investorlar tərəfindən valyutanın cəlb olunmasıdır. Bu yolda böyük addımlar atmağa ehtiyac var”.

Günel Türksoy