Ötən il nə qədər sığorta haqqı toplanıb?

oten-il-ne-qeder-sigorta-haqqi-toplanib-
Oxunma sayı: 644

2016-cı il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən 486 milyon 74 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci il ilə müqayisədə 42 milyon 855 min manat və ya 9,68% çoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat ilində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi də illik müqayisədə 57 milyon 009 min manat və ya 31,63% artaraq 237 250 616 manata çatıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,8 manatı ödəniş edilib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 40,7 manat olub.

Sığorta yığımlarının 146 milyon 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 milyon 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb. Həyat sığortası üzrə yığımlarda illik 25,81% və ya 30 milyon 60 min manat, ödənişlərdə 42 milyon 745 min manat və ya 81,84% artım qeydə alınıb.

2016-cı ildə yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb.

Belə ki, könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37 milyon 974 min manat və ya 13,52% artaraq 2016-cı ildə 318 milyon 944 min manat təşkil edib. Könüllü sığorta növləri üzrə ödənişlər isə illik 43 milyon 623 min manat və ya 32,12% artaraq 179 milyon 435 min manata yüksəlib.

Könüllü sığorta növləri üzrə yığımların 36,32%-i həyat, 63,68%-i qeyri-həyat sığortasının payına düşüb.

Könüllü həyat sığortası üzrə yığımlar illik 30 milyon 023 min manat və ya 34,98% artaraq 115 milyon 855 min manat, ödənişlər 40 milyon 870 min manat və ya 81,58% artaraq 90 milyon 970 min manat təşkil edib.

Könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik 7 milyon 951 min manat və ya 4,07% artaraq 203 milyon 089 min manat, ödənişlər 2 milyon 753 min manat və ya 3,21% artaraq 88 milyon 466 min manat olub.

İcbarı sığorta növləri üzrə yığımlar 4 milyon 881 min manat və ya 3,01% artaraq 166 milyon 816 min manata yüksəlib. Hesabat ilində şirkətlər tərəfindən qeyd olunan sığorta növü üzrə 57 milyon 815 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 13 milyon 386 min manat və ya 30,13% artım deməkdir.

İcbari sığorta bazarının 18,39%-i həyat, 81,61%-i qeyri-həyat sığortası üzrə formalaşıb.

İcbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə yığımlar illik 36,9 min manat və ya 0,12% artaraq 30 milyon 683 min manat, ödənişlər 1 milyon 875 min manat və ya 87,88% artaraq 4 milyon 9 min manat təşkil edib.

Hesabat ilində şirkətlər tərəfindən icbari qeyri-həyat sığortası növləri üzrə 136 milyon 133 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci illə müqayisədə 4 milyon 844 min manat və ya 3,69% çoxdur. Həmçinin bu müddətdə şirkətlərin icbari qeyri-həyat sığortası növləri üzrə ödənişləri 11 milyon 511 min manat və ya 27,21% artaraq 53 milyon 806 min manata çatıb.