Nazir ölkədə mal-qaranın sayını azaltmaq istəyir

nazir-olkede-mal-qaranin-sayini-azaltmaq-isteyir
Oxunma sayı: 2896

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Tovuz rayon Mədəniyyət Evində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı məsələlərə də toxunan Heydər Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandırıb: “Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür. Eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək olar”.

Görüşdə suvarma suyuna tələbatı ödəmək məqsədilə həyata keçirilən infrastruktur layihələri haqqında da ətraflı məlumat verilib. Heydər Əsədov bildirib ki, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılması ilə yanaşı, bu sahədə yeni təsərrüfatçılıq metodları da tətbiq olunmalıdır. Bu metodlara üstünlük verən sahibkarlara müvafiq texnikaların alınmasında “Aqrolizinq” ASC vasitəsilə güzəştlər ediləcək.

Sonda nazirin tapşırığına əsasən, rayon sakini Qədir Qəhrəmanovun müraciəti nəzərə alınaraq, ona “Belarus-89.2” markalı traktorun növbədənkənar lizinqə verilməsi yerində rəsmiləşdirilib.