Məmurlar bunu nəzərə almır…

memurlar-bunu-nezere-almir
Oxunma sayı: 1398

Dünya Sakit

Aqrar sektorda heç də xoş olmayan proseslər gedir. Bu sahədə istehsalı artırmaq üçün nəzərdə tutulan bir sıra islahatlardan yerlərdə qeyri-sağlam formada bəhrələnənlər var. Bu prosesin qarşısı vaxtında alınmalı, kənd yerlərində əhalini dövlətdən narazı salan məmurlar yerlərində oturdulmalıdır.

Müxtəlif rayonlarda, xüsusilə dağlıq bölgələrdə heyvandarlıqla məşğul olan kəndli-fermerləri otlaq-örüş yerlərindən məhrum edirlər. Yerli icra hakimiyyətləri dövlət torpaq fonduna daxil olan həmin əraziləri taxıl əkini üçün ayırırlar. Əksər hallarda suvarma sistemi olmayan, dəmyə əkinçiliyi ola biləcək o ərazilərdə heyvandarlığın inkişafı ilə taxılçılıqdan daha yüksək məhsuldarlığın əldə olunması mümkündür. Lakin məmurlar bunu nəzərə almaq belə istəmirlər.

Aran rayonlarında on ildən bəri formalaşmış və artıq oturuşmuş olan balıqçılıq təsərrüfatlarını məhv edirlər. Məqsəd yenə də eynidir: torpaqlarda taxıl əkiləcək.

Kənd Təsərrüatı Nazirliyinin hesablamalarına görə, taxıl əkinlərinin sahəsini 700-800 min ha civarında saxlamaqla, əkin-səpin işlərində müasir metodlardan, həmçinin daha məhsuldar toxum növlərindən, aqrotexniki qulluq imkanlarından istifadə etmək yolu ilə məhsuldarlığı artırmaq və ölkənin tələbatını tam ödəyəcək qədər taxıl istehsal etmək mümkündür. Azərbaycanda isə rəsmi statistikaya görə, 2015-ci ildə taxıl əkinləri 952 min ha-ya çatıb.

Hamıya məlumdur ki, Azərbaycanda yetişdirilən taxılın həm məhsuldarlığında, həm də keyfiyyətində ciddi problemlər var. Hazırda taxılçılıqda orta məhsuldarlıq 31,5 sentner/ha təşkil edir. Halbuki Avropanın orta göstəricisi 70-75 sent/ha-dır.

Eyni zamanda istehsal etdiyimiz taxılın keyfiyyəti xeyli aşağıdır - ərzaq buğdası ilə bağlı vəziyyət isə daha pisdir. Digər tərəfdən, Azərbaycan kimi əkinəyararlı torpaq sahələri az olan ölkələrdə diqqəti daha çox keyfiyyət və məhsuldarlığın yüksəldilməsinə yönəldilməlidir, nəinki yeni-yeni torpaqları əkin altına salmağa. Bütün bunların fonunda yerli icra hakimiyyətlərinin heyvandarlığı sıxışdırmaq hesabına əkin sahələrini artırmaları dövlətin taxıl əkini üçün ayırdığı subsidiyaları mənimsəmək marağından irəli gəlir desək, qətiyyən yanılmarıq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda bütün növ mal-qara və quş əti istehsalı tələbatı 94,7 faiz təmin edib. Bu zaman mal əti üzrə təminat 91,8 faiz, qoyun(keçi) əti ilə təminat 99,3 faiz, balıq və balıq məhsulları ilə təminat isə 77,6 faiz olub.

Dağlıq rayonlarda otlaqların, Aran rayonlarında balıqçılıq təsərrüfatlarının əkin altına salınması çox qısa müddətdə bizi qoyun əti üzrə idxala möhtac edəcək, mal əti, balıq və balıq məhsullarında isə idxaldan asılılığımızı artıracaq. Balıqla təminat sahəsindəki problemlər artıq özünü büruzə verməkdədir: ötən il kiloqramı 14-15 manat olan qızılbalıq indi 32-33 manatadır.

Dövlətin ölkədən dollar axınını stimullaşdıran idxalı azaltmaq, ixracyönümlü məhsul istehsalını artırmaq siyasətini qulaqardına vuran, öz maddi maraqlarını önə çəkən məmurların nəfsi isə bunun əksi olan prosesləri sürətləndirir.

Bu proseslərdən ən çox zərəri isə kəndli-fermerlər, sahibkarlar görür. Heyvandarlıq sahəsində peşəkar olan kəndlinin təsərrüfatını məhv edib işsiz qoyurlar. İllər boyu xərc çəkib balıq istehsalını quran, oturuşmuş balıqçılıq təsərrüfatları yaradan sahibkarlar barədə də söyləmək olar.