Mebel bazarında ucuzlaşma

mebel-bazarinda-ucuzlasma
Oxunma sayı: 5911

Azərbaycanda dolların məzənnəsində baş verən dəyişiklikdən sonra bir çox satış məntəqələrində durğunluq yaşandı. Onlardan biri də mebel bazarı idi.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, mebel bazarında yaranan durğunluq artıq aradan qalxmağa, alqı-satqı bərpa edilməyə başlayıb. Bunu həm satıcılar, həm alıcılar təsdiq edirlər. Ancaq bazarda diqqət çəkən bir məqam odur ki, yerli məhsullara üstünlük verən alıcıların sayı artıb.

Satıcılar deyir ki, bu amil 2016-cı ilin əvvəlindən başlayaraq daha çox hiss edilməyə başlayıb. Paytaxtın məhşur mebel salonlarından birinin satıcısı Elvira Mirzəyeva deyir ki, ötən ilin dekabr ayının son günlərində əhalinin alcılıq qabiliyyəti əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu ilin əvvəlindən kreditləşmə bərpa olunduqdan sonra bazarda nisbətən canlanma başladı.

“Hazırda satış müəyyən qədər bərpa edilib. Ancaq son vaxtlar xaricdə istehsal edilən mebellərə maraq son dərəcə azalıb. Əvvəllər ay ərzində satdığımız məhsulların əksəriyyəti xaricdə istehsal edilən mebellər idisə, hazırda bunun əksi müşahidə edilir. Hazırda müştərilərimizin çoxu yerli məhsullara üstünlük verir”.

Bu daha çox yerli və xarici məhsul arasındakı qiymət fərqi ilə əlaqələndirilir.

“Dolların bahalaşmasından sonra xaricdən gətirilən mebellərin qiymətləri bir az daha bahalaşdı. Buna görə də, hazırda bizim salon kimi əksər mebel salonları müştəri cəlb etmək üçün külli miqdarda endirimlər etməyə başlayıblar. Bəzi xaricdə istehsal edilən mebelləri məcbur aldığımız qiymətə satırıq. Məsələn xarici istehsal olan mebel dəstlərindən birinin qonaq dəstini 16 min 800 manatdan 12 min 600 manata, yumşaq mebel dəstini 10 min 500 manatdan 7 min 875 manata, yataq dəstini isə 9 min manatdan 6800 manata endirməli olduq. Bununla belə xarici istehsal olan mebellərə olan marağı o qədər də bərpa edə bilməmişik”.

Yerli şirkətlər tərəfindən təşkil olunan qonaq dəstinin qiyməti 2342 manat, yumşaq mebelin qiyməti 1746 manat, yataq dəstinin qiyməti isə 2448 manatdır.

İqtisadçılar da mebel alqı-satqısı bazarında yerli məhsulların satışının xaricdə istehsal edilən mebellərin satışından önə keçməsinin əsas səbəbini qiymət fərqində görürlər.

İqtisad Universitetinin müəllimi, iqtisadçı Elxan Vəliyev deyir ki, onsuzda hazırda əksər mebellərin xammalı və ehtiyyat hissələri xaricdən gətirilir:

“Ehtiyat hissələri xaricdən gətirildiyi üçün keyfiyyətdə o qədər də fərq müşahidə edilmir. Bizim vətəndaşlarımız hazırda ikinci dərəcəli xərclərdən imtina etdikləri üçün mebelə olan ehtiyaclarını da daha ucuz başa gələn yerli mebellərlə ödəyirlər. Həm də onu deyə bilərəm ki, keyfiyyət cəhətdən onlar arasında heç bir fərq yoxdur”.

Elxan Vəliyev

İqtisadçı onu da bildirdi ki, bazar belə davam etdiyi təqdirdə xaricdən gətirilən mebellərə maraq daha da azalacaq:

“Görünən odur ki, yaxın gələcəkdə mebel bazarında yerli məhsullara tələbat daha da artacaq və rəqabət mühitinə tab gətirmək üçün bəzi xarici mebel salonları daha çox endirim etməyə məcbur olacaqlar. Bu da öz növbəsində ucuzlaşmaya gətirib çıxaracaq”.