Maliyyə Nazirliyi Beynəlxalq Bankın nizamnamə kapitalındakı payını artırıb

maliyye-nazirliyi-beynelxalq-bankin-nizamname-kapitalindaki-payini-artirib
Oxunma sayı: 698

Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında iştirak payını 21,77 faiz artırıb.

"Qafqazinfo" xəbər verir ki, nazirlikdən verilən məlumata əsasən, hökumətin bankın kapitalındakı payı 54,96 faizdən 76,73 faizədək artırılıb.

Payın artırılması bankın 600 milyon manat məbləğində səhmlərinin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində baş verib.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli fərmanı ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi çərçivəsində hökumət bundan sonra da banka dəstək göstərməyə davam edəcək.

Bu, Beynəlxalq Bankın problemli aktivlərini geri almaq prosesinin davam etdirilməsi, həmçinin 2016-cı ilin maliyyə hesabatlılığına əsasən kapitallaşmada yardım etmək deməkdir.

Bankın yanvarın 24-də açıqladığı məlumata görə, ABB 600 million manat dəyərində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalının 1 241 287 248,06 manatadək - 93,5 faizə qədər artırılması prosesini yekunlaşdırıb. Emissiya hər biri 0,27 manat dəyərində olmaqla 2 222 222 223 səhmə bölünüb. Bankın məlumatında qeyd edilib ki, nizamnamə kapitalının artırılması, ABB-nin kapitalının gücləndirilməsi istiqamətində atılan addımlardan biridir.

Qeyd edək ki, 15 iyul 2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Bankın maliyyə vəziyyətinin bərpası məqsədilə onun problemli aktivləri "Aqrarkredit" QSC-yə keçib. Problemli kreditlərin əvəzində BOKT ABB-ni likvid vəsaitlə təmin edir.