“Kölgə”dən çıxmaq zamanı...

kolgeden-cixmaq-zamani
Oxunma sayı: 1004

Dünya Sakit

Ötən il Azərbaycanda kölgə iqtisadiyyatının iki əsas dayağından biri çox ciddi zərbə aldı - idxaldakı qeydiyyatdan yayınma halları kəskin şəkildə azaldıldı. Son ayların gömrük statistikasına nəzər yetirdikdə bunun hiss etməmək mümkün deyil: bir sıra məhsulların idxalında kəskin artımın əslində real idxalın qeydiyyatdan yayınan hissəsinin rəsmiləşməsinin nəticəsi olduğunu anlamaq çətinlik yaratmır.

Bu, o deməkdir ki, hökumət idxaldakı “kölgəni” bir ilin içində dəfələrlə kiçildə bildisə, ondan daha böyük hissəsi qaranlıqda olan yerli istehsalda da şəffaflığa nail ola bilər. Bu iradə ortaya qoyulmasa – istehsaldakı “kölgə” heç olmasa idxaldakı qədər azaldılmasa, iqtisadiyyatı böhrandan çıxarmaq istiqamətində atılan addımların effektivliyini təmin etmək mümkünsüz olacaq.

Düzdür, illərdən bəridir ki, qeydiyyatdan yayınma dedikdə, Azərbaycanda ilk olaraq hamının ağlına idxal statistikasındakı problemlər gəlir – xeyli dərəcədə haqlı olaraq əlbəttə (Məsələn, bu günlərdə diqqətimi bir rəqəm cəlb edib: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana cəmi 9,4 min dollarlıq təbii və süni xəz, onlardan hazırlanan məmulatlar idxal olunub. 2014-cü ildə bu malların rəsmi idxal həcmi 135,2 min dollara yüksəlsə də, 2015-ci ildə yenidən azalaraq 89,5 min dollara düşüb. Yerli istehsalın olmadığı bir məhsulun idxalına dair bu rəqəmin təkcə xəz-dəri məmulatları satan bir mağazanın illik satış həcmindən də az olduğuna kimsə şübhə etməz yəqin ki. Ümid edirəm ki, 2016-cı ilin statistikasında bu malların idxalına dair daha real məlumata rast gələcəyik- D.S.)

Ölkədə istehsal olunan məhsulların real həcminin rəsmi statistikada əks olunmaması ticarət sektorunda vergidənyayınma probleminin 2 əsas səbəbindən biridir. Bu gün mağazaları, marketləri, pərakəndə satışla məşğul olan digər subyektləri satış həcmini gizlətməkdə suçlamaq və bunu isbatlamaq çox asandır. Lakin bu gizliliyin səbəblərini sıralasaq, sahibkarın vergidən yayınmaq istəyi bəlkə də sonlarda gələcək. Çünki əsas səbəb ticarətçinin kağız üzərində 5 manata, reallıqda isə ən yaxşı halda 9 manata alıb, satışa 10 manata qoyduğu məhsulu idxal-istehsal edənlərin uçotdan kənarda qalmaq istəyidir. Məhsulu istehsal edən tərəf vergini az ödəmək üçün həm qiyməti aşağı yazdırır, həm verdiyi məhsulun miqdarını – sənədləşmə-hesablaşma onun diqtə etdiyi qiymət və sayla gedir. Bu halda ticarətçinin də satdığı malların sayını az göstərməkdən başqa çarəsi qalmır: əks halda, satmağa məhsul tapa bilməyəcək. Beləliklə, qarşılıqlı və məcburi razılaşmaya gedilir.

Yeri gəlmişkən, həm jurnalist araşdırmaları, həm də müxtəlif tədqiqatlar zamanı dəfələrlə olub ki, hansısa bir məhsulun ölkədə yeganə istehsalçısından istehsal həcminə dair məlumat istəmişəm. Və qarşı tərəf özünü elə aparıb ki, sanki bu istəyimlə onu təhqir edirəm.

Bu günlərdə ölkədə ərzaq və tikinti məhsulları istehsal edən ən böyük 20 şirkətin internet saytına baş vurdum. Qərəzli görünməmək üçün adları açıqlamıram, çünki məqsədim ümumi problemi diqqətə çatdırmaqdır. Bir çoxları Azərbaycan səviyyəsində nəhəng olan o 20 şirkətin heç birində nəinki məhsullar üzrə, hətta ümumilikdə istehsalın həcminə dair məlumat yoxdur. İnternet üzərindən məhsullarının geninə-boluna reklamını aparan şirkətlərin saytında hesabat adına bir cümlə də tapmaq mümkün deyil.

Bu gizliliyin nəticəsidir ki, ölkənin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərinin sırasında istehsal şirkətlərinin adına ya rast gəlinmir, ya da sonuncu sıralarda çəkilir.

Sonra da deyirik, milli brendlərimizi xaricdə tanıdaq-filan. Milli brend adına iddia edənlər bilməlidilər ki, Azərbaycandan kənarda tanınmaq üçün ilk növbədə hesabatlı və şəffaf olmaq gərəkir. Avropa bazarını hədəf götürüb yola çıxmaq üçün avropalı istehlakçının dəyərlərinə uyğunlaşmaq lazımdır. Avropalı istehlakçının gördüyü budur ki, istehsalçı istehsal etdiyi məhsulun həcmi, onu sataraq əldə etdiyi qazancın, ödədiyi verginin məbləği ilə öyünür, böyüklüyünü, mötəbərliyini isbatlayır. Şəffaflıq keyfiyyət qədər önəmlidir brendləşmək istəyən şirkət üçün.

Bu üzdən böyük şirkətlərimiz hökumətdən tapşırıq gözləmədən özləri bu sahədə dönüş yaratmalıdılar. Onsuz ölkəni, büdcəni böhrandan çıxarmaq məcburiyyəti idxalda olduğu kimi, istehsalda da uçotdanyayınmanın azaldılmasına gətirib çıxaracaq...