Kim dollarla kredit ala biləcək? - Şərt var

kim-dollarla-kredit-ala-bilecek
Oxunma sayı: 2536

İqtisadçı ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etməsinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, ekspert qeyd edib ki, bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratoriumu aradan qaldırdı: “Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək. Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək?

1. Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;

Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.

Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni, banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər”.

Onun sözlərinə görə, Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan edib: “Qurum xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtlərini sərtləşdirir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.

Günel Türksoy