İstehsalatda 0.8 faizlik artım

istehsalatda-08-faizlik-artim
Oxunma sayı: 658

Statistika Komitəsi cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.

Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilib.

Emal sektorunda içkilərin istehsalı 32,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, mebel istehsalı 81,5 faiz artıb, tütün məmulatlarının istehsalı 43,9 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz azalıb.

Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 milyon ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub.

2017-ci ilin yanvar ayında əsas kapitala 954,2 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2575,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 700,6 milyon manatlıq ödənişli xidmət göstərilibr. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,3 faiz artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,7 faiz azalıb.


2016-cı ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 4,6 faiz artaraq 3476,1 milyon manata çatıb.