“10 milyonla razılaşmayıb gələnləri söydü” - Məşhur otelin sökülməsinin təfərrüatı

10-milyonla-razilasmayib-gelenleri-soydu
Oxunma sayı: 9154

Bakının Yusif Səfərov küçəsində, Bakı şəhər Baş Polis İdarəsi ilə üzbəüz yerləşən “Araz” otelinin və ona bitişik obyektlərin ötən il dekabrın 23-də qəfildən yerlə bir edilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, həmin obyektlərin sahibi Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qaynatası, əslən Naxçıvanın Nehrəm kəndindən olan oliqarx Novruzəli İbrahimovdur. Obyektin bu cür qəfildən, məhkəmə qərarı olmadan və sahibinə kompensasiya ödənilmədən, içərisində əşyalar və hətta adamlar ola-ola qəfildən sökülməsi oliqarxın hansı səhvinə görə cəzalandırıldığına dair suallara yol açmışdı. Söküntü zamanınə rəsmilər, nə obyekt sahibi baş verənlərə aydınlıq gətirməmişdi.

 

Novruzəli İbrahimov Bakıda tikinti biznesi ilə məşğul olan oliqarx kimi tanınır, onun Bakının müxtəlif yerlərində onlarla çoxmərtəbəli yaşayış binası inşa etdirdiyi məlumdur. İbrahimov Diaspor məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun əmisi oğludur, İbrahimovlar klanının biznesini idarə edənlərdən biri hesab olunur.

“AzPolitika” bildirir ki, obyektlər sökülməzdən 2 gün əvvəl Novruzəli İbrahimovla danışıqlar olub və ona kompensasiya kimi 10 milyon manat təklif edilib. Bildirilib ki, oliqarx pulu götürüb ərazini 10 gün ərzində təhvil verməlidir. Lakin bu təklif İbrahimovu o qədər qəzəbləndirib ki, o, danışıqlar aparmaq üçün gələnləri söyərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Belə ki, şəhərin düz mərkəzində 3 hektarlıq ərazi və onun üzərində yerləşən obyektlər üçün oliqarx bundan dəfələrlə artıq kompensasiya gözləyirmiş. Ancaq əvəzində onun başının üstünü qəfildən buldozerlər alıb, obyektlər cəmi bir neçə günə yer üzündən silinib. Bakı şəhər İcra Hakimiyyəti boşalan ərazidən yeni yolun çəkiləcəyini və park salınacağını bildirir.

 

Məlumata görə Novruzəli İbrahimov obyektlərinin sökülməsinə görə “Avropa Məhkəməsinə qədər şikayət edəcəyini” deyir.

Bu, Novruzəli İbrahimovun belə qəfil sökülən ilk obyektləri deyil. Hələ 2009-cu ildə Bakının Səttar Bəhlulzadə küçəsində (keçmiş Karl Marks prosekti) onun şirkətinin inşa etdiyi 16 və 12 mərtəbəli, tikintisi hələ tam başa çatmamış iki yaşayış binası qəfildən söküldü. Həmin söküntü işlərinə görə İbrahimovla heç bir kompensasiya verilməmişdi.

Ümumiyyətlə, nehrəmli İbrahimovlar klanının işləri yaxşı getmir. Klanın ən məşhur nümayəndəsi olan Nehrəmli Hacı İbrahimin utopik “Xəzər adaları” layihəsinin aqibəti və onun Azərbaycan Beynəlxalq Bankından götürdüyü yüz milyonlarla dollar krediti geri qaytarmadığı məlumdur. Hacı İbrahimin biznesi müflis vəziyyətə düşüb və onu dəfələrlə “Bandotdel”ə salıblar, pulları tələb ediblər.