Hökumətin 400 milyonluq xərci

hokumetin-400-milyonluq-xerci
Oxunma sayı: 10271

Artıq rəsmi şəkildə etiraf edilir ki, ölkədə maliyyə böhranı yaşanır. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Azadlıq” qəzeti yazıb. Qəzet bildirir ki, ümumiyyətlə, neftin qiymətinin kəskin ucuzlaşmasından sonra bu vəziyyəti proqnozlaşdırmaq çətin deyildi. Çünki, Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdədir və ölkədə həyata keçirilən bütün investisiya layihələri neft pulları hesabına mümkün olur.

Qəzet bildirir ki, büdcənin 5 milyard azalması (manatın köhnə məzənnəsi ilə 11 milyarlıq azalmadan söhbət gedir) hələ başlanğıcdır. Bundan sonra böhran hər sahədə özünü göstərəcək və maliyyə çatışmazlığı üzə çıxacaq. Bütün bunları nəzərə alaraq hökumət “qayçılama” prosesinə başlayıb. Amma bu “qayçılama”da da elə nöqtələr axtarılır ki, hökumətin komfortu pozulmasın.

Maliyyə naziri Samir Şərifov da baş verənləri etiraf edib: “Əmək haqqı, pensiya və müavinətlərin ödənilməsi əvvəlki illərdə olduğu kimi tam məbləğdə təmin ediləcək. Sadəcə gələn il biz o layihələrə maliyyə ayıracağıq ki, onlar artıq icradadırlar. Yeni layihələrə başlanmasına isə fasilə verilib, bu da maliyyə imkanlarımızla bağlıdır. Onlar bir qədər ləngiyə bilər, sonra həyata keçirilə bilər. Bəzi lüzumsuz xərcləri ixtisara salmışıq. Yəni prioritetlik təşkil etməyən, məsələn, xarici ezamiyyə xərclərini ixtisar etmişik”- deyə Samir Şərifov bildirib.

Qəzet yazır ki, hökumət lüzumsuz xərcləri azaltmağa qərar verib və belə xərclər kifayət qədərdir. Xərcləri qayçılamaq üçün məmurların xidməti avtomobillərini ləğv etməyi təklif kimi irəli sürən qəzet bildirir ki, 2006-2011-ci illər ərzində xidməti maşınların alınmasına 400 milyon pul xərclənib: “Məsələ təkcə bu avtomobillərin alınması ilə bitmir. Bu avtomobillərin təmir, yanacaq, yuyulma və digər xərcləri var. Nəzərə alsaq ki, 100-lərlə vəzifəli şəxslərin özünün və ailəsinin xidməti avtomobilləri var, bu, milyardlarla vəsaitin xərclənməsi deməkdir. Həm də Azərbaycan məmurlarının xidməti avtomobillərinin qiyməti 80-200 min dollar arasında dəyişir. Yeri gəlmişkən deyək ki, qonşu Gürcüstanda ən bahalı xidməti avtomobilin qiyməti 15000 dollar təşkil edir və bundan bahalı avtomobilin alınması qadağandır. Dəfələrlə Avropa ölkələrində də məmurların xidməti avtomobillərinin ləğvi ilə bağlı qərarlar verilib.

Bəli, belə bir krizis şəraitində məmurların şəxsi avtomobillərindən istifadə etməsinə, dövlət büdcəsinə qənaət olunmasına ehtiyac var.

Ona görə də əldə fənər tutub, “qayçılamaq” üçün yer axtarmağa ehtiyac yoxdur. Böhrandan çıxış yolunu hakimiyyət özündən başlamalıdır və 100 milyonlarla vəsaitə qənaət edilməlidir”.