Hərrac olacaq

-herrac-olacaq
Oxunma sayı: 1209

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac keçiriləcək.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, özəlləşməyə çıxarılan 115 dövlət əmlakına sahib olmaq imkanı var. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri əksəriyyəti paytaxtda olmaqla, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Balakən və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlak torpaq sahəsi və üzərindəki tikili ilə birgə iddiaçılara təklif olunur. Balakəndə yerləşən və 37602,5 kv.m. torpaq sahəsi olan əmlak kompleksinə ən yüksək qiymət – 1 milyon 430 min manat təyin olunub. Paytaxtda isə ən yüksək ilkin qiymətə 2 dövlət əmlakı – Binəqədi və Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahələri təklif olunur. Müvafiq olaraq bu əmlaklar 468 min 400 manat və 460 min manat satış qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 442 min manata, Xəzər rayonundakı “Lalə” şadlıq evi isə 356 min manata təklif olunur. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 55-i paytaxtda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir.


Bu dəfəki hərracda 24 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Tovuz Məişət”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Xətai Ticarət-108”, “Xırdalan yük nəqliyyat”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.