Gələn ildən kredit büroları yaradılacaq

gelen-ilden-kredit-burolari-yaradilacaq
Oxunma sayı: 1169

Azərbaycanda kredit büroları yaradılacaq. “Qafqazinfo” xəbər verir ki, qanunun yaradılmasında məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.

Bununla bağlı “ Kredit büroları haqqında” qanun layihəsi bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsi prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub: “Beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. Kredit bürolarını Xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

Qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək”.

Günel Türksoy