Gələn il gərgin olacaq - İqtisadi proqnoz

gelen-il-gergin-olacaq-
Oxunma sayı: 6013

"2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ucarda ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısının sözlərinə görə, ölkəyə xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, Prezidentin də etiraf etdiyi kimi, 2016-cı ildə ölkə iqtisadiyyatını böyük sınağa çəkəcək. Gələn ilin dövlət büdcəsinin gəlirlər və xərclərinin 4 milyarda yaxın azaldılması da bunu deməyə əsas verir. Belə olan halda gələn il bizi hansı sınaqlar gözləyə bilər?

“Qafqazinfo” xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirib ki, Azərbaycan iqtisadiyyatı neft üzərində oturuşub: "Dövlət büdcəsinin 70 faizdən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. İndiyədək "qara qızıl" 110 dollara satılarkən, Azərbaycan hökumətinin hər bareldən 70-80 dollar arasında qazancı olurdu. İndi həmin mənfəət yarıbayarı aşağı düşüb. Gələn il də eyni vəziyyət davam edəcək. İranın 2016-cı ildə bazara əlavə neft buraxacağı ilə bağlı məsələ "qara qızıl"ın qiymətinə təzyiqləri artıracaq. Bu, beynəlxalq təşkilatların gəldiyi qənaətdir. Ona görə də, gələn il Azərbaycanın təkcə iqtisadiyyatında deyil, eyni zamanda, siyasi aləmində də gərginliyin olacağı yalnız Prezidentə deyil, hər kəsə bəllidir. Sadəcə olaraq, hökumət indiyədək heç vaxt qarşıda gələn ilin ağır olacağını etiraf etməmişdi".

A.Nəsirli əlavə etdi ki, manatın saxlanması siyasəti ilin sonuna kimi Mərkəzi Bankın valyuta ehtiyatının tükənməsinə gətirib çıxara bilər: "Gələn ilə Azərbaycan minimum valyuta ehtiyatı ilə gedə bilər. 2016-cı ildə manatın kəskin devalvasiyası gözlənilir. Digər tərəfdən, büdcənin gəlirlərinin və xərclərinin 25-40 faiz arasında azaldılması ölkə iqtisadiyyatına şok yaradacaq bir addım olacaq. Bu azalma nəticəsində iş yerlərinin itirilməsi, əhalinin gəlirlərinin azalması prosesi gedəcək. Hökumət bəyan edir ki, sosial xərclər sabit qalacaq, investisiya xərcləri ixtisar olunacaq. Əslində, təhlil etdikdə sabit saxlanılan sosial xərclərin yerinə yetirilməsində də çətinliklər yaranacağını deyə bilərik. Burada söhbət əmək haqlarından, pensiya və müavinətlərdən gedir. Yəni hərtərəfli iqtisadi sıxıntı, dərin böhran yaşanacaq. Düşünürəm ki, gələn il həm də siyasi sıxıntıların olacağı bir dönəm olacaq. İş tapa bilməyən, müavinətini, əmək haqqısını vaxtında almayan vətəndaşların hökumətə qarşı narazılıqları artacaq".

İqtisadçı qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin ucuzlaşmasına hazır deyil: "Əgər vaxtında gələcəyi düşünən hökumət olsaydı, o gəlirləri real sektora yönəldərdi. Amma hökumət yerin altındakı passiv sərvətləri aktivləşdirərək, realizasiya edərək yenidən passiv sərvətə çevirdi. Yəni həmin pulları betona, daşa, divara sərf etdi, iqtisadi mənfəət gətirilməyən sahələrə daha sonra vəsait yatırıldı. Bununla ölkəyə gələn vəsait korrupsiya yeminə çevrildi. Məsələn, hökumət kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə regionlarda saxlanma anbarları tikdirdi. İndi onların 90 faizi fəaliyyət göstərmir. Hökumət burada səhv siyasət yürütdü. Məsələn, kənd təsərrüfatına 1 milyard manat vəsait ayıra bilərdi. Daha sonra müsabiqə elan edərək, layihələr qəbul edə və bunu kreditlər şəklində ayıra bilərdi. Bu zaman sahibkarlar axtarış apararaq, hansı istiqamətdə yatırımlar etməyin sərfəli olduğunu özləri tapacaqdılar. Amma Azərbaycan hökumətinin özü tikinti işləri aparmağa başladı.

Bir termin var-marketinq tədqiqatı. Həmin marketin tədqiqatı üçün Azərbaycanda şərait yaradılmadı. Hökumət bütün investisiyaları inzibati komanda formasında həyata keçirdi. Əslində, sovet iqtisadiyyatının bütün prinsiplərini bazar iqtisadiyyatı şəraitində davam etdirdi. Ölkə daxilində bazar iqtisadiyyatı prinsiplərini qura bilmədilər, real sektoru inkişaf etdirmədilər. Ona görə də ölkə iqtisadiyyatı neftin ucuzlaşmasına hazır deyil. Beynəlxalq təşkilatların da tövsiyələrində büdcənin neftdən asılılığının azaldılması bildirilir. Bunun üçün real sektordan gələn gəlirlər artmalıdır ki, neftin yükü azaldılsın. Yəni büdcənin yükü real sektordan formalaşan gəlirlər üzərində qurulmalıdır"-deyə Akif Nəsirli vurğuladı.