“Ən pessimist variant 40 dollar...”

en-pessimist-variant-40-dollar
Oxunma sayı: 3979

“2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat az vəsait deməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulub. Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur. “Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq”, - deyə S.Şərifov sözlərinə əlavə edib.

Nazir qeyd edib ki, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi üzrə büdcəyə gələn il 500 milyon manat vəsaitin daxil olması planlaşdırılır: “Bu ilin sonuna isə 150 milyon manat aşağı mənfəət vergisinin daxil olması planlaşdırılır. Dövlət Gömrük Komitəsindən 1 milyard 590 min manat vəsait daxil olacaq. Özəl investisayaların cəlb ediməsinin fəallaşdırılması nəzərdə tutulub”.

Onun sözlərinə görə, dünyada baş verən qlobal iqtisadi dəyişikliklərin, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, bu ilin 6 ayı ərzində ölkədə 26,3 milyard Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində iqtisadiyyatın real artımı 5,7 faiz təşkil edib.

Günel Türksoy