Əliyev BP-nin Direktorlar Şurası sədrini qəbul edib

eliyev-bp-nin-direktorlar-surasi-sedrini-qebul-edib
Oxunma sayı: 684

Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Qafqazinfo” xəbər verir ki, BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlət başçısı bunun rəmzi məna daşıdığını vurğulayıb. İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini deyib.

Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini deyib. Azərbaycanla əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlət başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd edib.

Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.