“Ədliyyə Nazirliyi bizə çox böyük dəstək verməkdədir”

edliyye-nazirliyi-bize-cox-boyuk-destek-vermekdedir
Oxunma sayı: 1036

Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Bakı ofisinin açılması prosesi sürətlənib.

Qafqazinfo” xəbər verir ki, MÜSİAD-ın Azərbaycan təmsilçisi Abdurrahman Uzunun verdiyi açıqlamaya görə, qurumun Bakı ofisinin açılması prosesinin artıq yekun mərhələdədir:

“MÜSİAD-ın Bakı ofisinin açılması istiqamətində işlərimiz davam etdirilir. Hazırda fəaliyyətə başlamaq üçün Ədliyyə Nazirliyinə təqdim etdiyimiz sənədlərə baxılır və inanıram ki, bizim müraciətimiz müsbət cavablandırılacaq. Hər zaman qeyd etdiyimiz kimi, MÜSİAD öz fəaliyyətində Türkiyə ilə Azərbaycanın ortaq dövlət maraqlarını əsas tutan bir təşkilatdır. Bəzi media orqanlarında MÜSİAD-n Bakı ofisinin açılması məsələsində problemlərin olduğu iddia edilsə də, o məlumatlar həqiqətə əsla uyğun deyil. Azərbaycanın müvafiq dövlət qurumları MÜSİAD-ın Bakı ofisinin açılması prosesinə onlardan asılı olan dəstəyi verirlər. Xüsusilə, Ədliyyə Nazirliyi bu məsələnin qısa müddətdə həll olunması üçün bizə çox böyük dəstək verməkdədir. Biz Türkiyə ilə Azərbaycanın ortaq maraqları üzrə hərəkət etdiyimiz üçün Azərbaycan dövlətinin də dəstəyini hər zaman hiss etməkdəyik. Bir daha təkrar edirəm ki, ofisin açılmasına yönəlmiş işlər hazırda sənədləşmə mərhələsindədir və inanıram ki, MÜSİAD çox yaxında Azərbaycanda rəsmi fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Türkiyədə 86, dünyanın 65 ölkəsində isə 170-dən çox ofisi fəaliyyət göstərən MÜSİAD-ın Azərbaycan, Pakistan, Böyük Britaniya, Fransa, Belçika, Qazaxıstan, Avstraliya, Yaponiya, Hollandiya, Gürcüstan və Sudanda da bölmələrinin yaradılması prosesinin plana uyğun qaydada həyata keçirildiyi bildirilir. MÜSİAD-ın genişlənmə siyasətində ilk olaraq, Türkiyəyə dost ölkələrə üstünlük verilir və yeni şöbələrin açılması məsələsində Azərbaycan ilk sırada nəzərdə tutulur.