Dolların bahalaşmasından pul qazanırıq

dollarin-bahalasmasindan-pul-qazaniriq
Oxunma sayı: 3439

Dünya Sakit

Son 2 ildə Azərbaycanda sosial-iqtisadi vəziyyətlə əlaqədar bir çox sahələrdə yerli istehsal ciddi çətinliklərlə üzləşib. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi istehsal olunan məhsullara tələbatı kəskin şəkildə aşağı salıb və bu da qeyri-ərzaq məhsullarının istehsalına daha çox təsir edib.

Bu günlərdə mebel istehsalı sahəsi ilə yaxından maraqlandım. Və tələbatın düşməsi fonunda müşahidə etdiklərim bu sahədə ciddi dəyişikliklərin, hətta pozitiv meyllərin olduğunu göstərdi. Əvvəla, böyük firmaların nəinki regionlardakı, hətta Bakı ətrafındakı mağazalarının çoxu bağlanıb.

Qalan mağazalarda da təklif edilən mal çeşidləri kəskin şəkildə məhdudlaşıb. Məsələn, əksər mağazalarda mətbəx, dəhliz mebellərinin satışı dayandırılıb. Satıcılar bunu bütövlükdə iri fabriklərdə bu mebellərin yığımının dayandırılması ilə izah etdilər. Səbəbi isə çox sadədir: tələbat minimum səviyyəyə enib. Belə ki, əvvəllər Bakının kənarında yerləşən bir mağaza ay ərzində azı 12-13 dəst mətbəx mebeli sifariş edirdisə, indi ən yaxşı halda 1-2 dəst, o da ən ucuzlusundan olur. Bu şifariş həcmi isə fabrikdə bütöv bir istehsal xəttinin saxlanması üçün yetərli deyil. Buna görə də hazırda mətbəx və dəhliz mebellərini xırda sexlərdən mal götürən mağazalarda tapmaq olur.

Qeyd edim ki, bu azalma rəsmi statistikada da əksini tapıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycanda 3369 ədəd mətbəx mebeli istehsal olunmuşdusa, 2013-cü ildə istehsal 1900 ədədə, 2014-cü ildə 751 ədədə, 2015-ci ildə isə 297 ədədə düşüb. Yəni azalma 11 dəfədən də çoxdur.

Tələbin azalması üzündən bir çox firmalar həmçinin uşaq və gənc odası mebellərinin istehsalını da ya dayandırıblar, ya da ciddi şəkildə məhdudlaşdırıblar.

Yataq və yumşaq mebellərin istehsalında isə vəziyyət bir qədər fərqlidir. Belə ki, bu mebellərin istehsalında son illərin statistikasında artım müşahidə olunur – hərçənd mağzalar satışın 4-5 dəfə aşağı düşməsindən gileylənirlər. Rəsmi statistikaya inansaq, yataq, yemək və qonaq otaqları üçün taxta mebel istehsalı 2013-cü ildəki 38,2 min ədəddən 2014-cü ildə 7661,0 min ədədə, 2015-ci ildə isə 8233,0 min ədədə yüksəlib. Ümumilikdə mebel istehsalı müəssisələrinin sayında da az da olsa artım var – 2013-cü ildəki 84 müəssisədən 2015-ci ildə 97 müəssisəyə. Bundan əlavə, mebel istehsalına qoyulan daxili investisiyaların həcmi artım dinamikası ilə diqqəti cəlb edir – son beş ildə 14,7 milyon manatdan 31,6 milyon manata çatıb. Eyni zamanda ümumilikdə mebel satışında da artım var. Rəsmi məlumata əsasən mebelin pərakəndə satışı dəyər ifadəsində 2013-cü ildəki 164 milyon 261,7 min manatdan 2015-ci ildə 291 milyon 54,6 min manata yüksəlib.

Bu artımın 2 əsas səbəbindən birincisi dolların bahalaşması nəticəsində xaricdən idxalın əlverişsizləşməsidir – gətirilən mal çox baha olduğu üçün alıcı tapmaq müşkülə çevrilir. İkinci bir mühüm səbəb isə əhalinin alıcılıq qabiliyyətinin düşməsi nəticəsində daha ucuz başa gələn yerli mala tələbatın artmasıdır. Bu iki amilin təsiri ilə bəzi növ yerli mebellərin istehsalında ciddi artım müşahidə olunur. Əlbəttə, mebel istehsalında istifadə olunan xammalın xeyli hissəsi xaricdən idxal olunur. Lakin hazır məhsuldansa, xammalın idxalı daha yaxşıdır.

Mebel istehsalı ilə bağlı vəziyyət göstərir ki, yerli sahibkarlar dolların bahalaşması nəticəsində idxalın məhdudlaşmasından istifadə edərək öz bizneslərini genişləndirə bilərlər. Əlbəttə ki, keyfiyyət amilinə ciddi diqqət yetirmək şərtilə. Əks halda, tezliklə alıcı problemi ilə üzləşəcəklər. Çünki insanlar çətinliklə qazandıqları pulu keyfiyyətsiz mala uzağı bir dəfə verəcəklər, ikinci dəfə mütləq başqa istehsalçıya üz tutacaqlar.

Dövlətin üzərinə düşən vəzifə isə mebel və digər məhsulların istehsalında hamı üçün bərabər imkanlar, əlverişli rəqabət mühitini formalaşdırmaqdır.