Dollar düşür, qiymətlər qalxır...

dollar-dusur-qiymetler-qalxir
Oxunma sayı: 4040

Dünya Sakit

Bir müddət əvvəl milli sahibkarlarımızın kəmfürsətliyindən yazmışdım. Öz cibləri üçün yüz minlərin, milyonların mənafeyini göz qırpmadan ayaq altına atmağa qadi olduqlarını qeyd etmişdim. Bu günlərdə maliyyə-bank sektorundakı proseslər bir daha qənaətimin doğruluğunu isbatlamış oldu...

Banklar Mərkəzi Bankın valyuta alqı-satqılarında faiz marjasını ləğv etməsindən sonra əllərinə düşən ilk fürsətdən amansızcasına istifadə etməyə başlayıblar. Son günlərdə Mərkəzi Bankın manatın dollara qarşı məzənnəsinin möhkəmləndirməsi bankların əlinə fürsət salıb: dolların alış qiymətini çox aşağı müəyyənləşdirməklə müxtəlif ehtiyaclarını qarşılamaq məcburiyyətində qalan əhalidən maksimum qazanc əldə etməyə çalışırlar. Bu gün bankların dollar alqı-satqı qiymətlərinə nəzər yetirdikdə, alışın minimal həddinin 1,58 manat, maksimal həddinin isə 1,68 manat, satışın maksimal həddinin 1,85 manat, minimal həddinin isə 1,73 manat olduğunu görürük. Yəni alış-satışın minimal hədləri arasında (1,73-1,53) 20 qəpik fərq var.

Banklar bilirlər ki, əhalinin böyük bir kəsimi qırağa atmağa imkan tapdığı bütün yığımlarını dollara çevirib. Və son 2 ildə gəlirlərin azalması o yığımların böyük bir hissəsinin xərclənməsinə səbəb olur. Bu gün bank şöbələrində kredit və sair ödənişlər üçün 100-200 dollarını manata dəyişmək istəyən insanlar minlərlədir. Onların əksəriyyəti dolları 1,65-dən yuxarı qiymətə alıblar – özü də məhz bankların marjadankənar alqı-satqı üçün yaratdıqları qara bazardan. İndi isə yenə də banklar və onların hökumətdəki havadarlarının sayəsində leqal bazarda aldıqlarından azı 7 qəpik ucuzuna satmağa məcbur olurlar.

Hökumətin müvafiq strukturları isə susurlar. Yəqin onlar kredit vermək imkanları son həddə qədər məhdudlaşan banklara bu yolla dəstək olmağa çalışırlar: manatın rəsmi məzənnəsini möhkəmlədib, əhalidə panika yaradıb, onları əllərindəki dollarları manatlaşdırmağa sövq edirlər.

Əksər mütəxəssislərin, fikrimcə, tam doğru olaraq təsbit etdiyi kimi, heç bir real iqtisadi əsası olmayan bu prosesin – manatın möhkəmlənməsinin əhaliyə daha bir mənfi təsiri psixolojidir – dollar düşür və ictimaiyyət arasında istehlak bazarında qiymətlərin də düşəcəyinə dair ümidlər yaranır. Elə sosial şəbəkələrdəki müzakirələrə nəzər yetirmək kifayətdir ki, dollarla bərabər qiymətlərin də düşəcəyinə ümidlərin nə qədər böyük olduğunu görəsən.

Halbuki düşən daha çox dolların alış qiymətidir. Yuxarıda da qeyd etdiyim kimi, banklar dolların satış qiymətini əvvəlkindən çox az aşağı endiriblər. Hətta ticarət sektorundakı dost-tanışların dediyinə görə, min dollardan yuxarı məbləğ aldıqda, qiymət azalmaq əvəzinə, daha da yüksəlir. Xaricdən mal almaq üçün dolları baha qiymətə alan ticarətçinin satdığı malın qiymətini endirəcəyi, əlbəttə, qeyri-realdır.

Bir də ki, ticarətçi də bizim sahibkarımızdır – bankirimiz kimi – kəmfürsət, öz mənafeyini hər kəsdən, hər şeydən üstün tutan sahibkarımız...