Böhrandan çıxış yolları...

bohrandan-cixis-yollari
Oxunma sayı: 2902

İqtisad elmləri doktoru Elşad Məmmədov hazırkı iqtisadi böhran şəraitində vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. E. Məmmədovun “Qafqazinfo”ya göndərdiyi tezisləri təqdim edirik:

- Ölkədə sosial iqlimin mülayimləşməsi üçün sosial yönümlü tədbirlər kompleksinin həyata keçirilməsi zəruridir. Bu istiqamətdə vacib məsələ ondan ibarətdir ki, bu tədbirlərin inflyasiyanın artımı ilə nəticələnməsinin qarşısının alınması üçün pul kütləsi maksimal şəkildə əmtəə kütləsi ilə təmin olunmalıdır.

- Ölkədə ən azından, daxili və regional bazarlar üçün, rəqabətqabiliyyətli milli istehsal sisteminin formalaşdırılmalıdır. İstehsal prosesinin perspektiv sahələrinin müəyyən edilməsi üçün daxili və xarici regional bazarlarda effektiv marketinq tədqiqatları aparılmalı, idxalın əvəz edilməsi mümkün olan bazar əmtəələrinin, əsasən istehlak əmtəələrinin assortimentinin müəyyənləşdirilməsi və bu əmtəələr üzrə ölkədə tamamiləidxaldan asılı olmayan istehsal prosesi təşkil edilməli, qeyri-xammal ixracı sektoruna dəqiq və şəffaf şəkildə investisiya qoyulmalı, Azad İqtisadi Zonaların və digər əhəmiyyətli vergi və digər güzəştləri nəzərdə tutan proqramların tətbiqi

- Bu sahədə böyuk ənənələrin və potensialın olmasını nəzərə alaraq, ölkədə kənd təsərrüfatının inkişafına dair geniş proqramın hazırlanması və bu proqramın praktiki tətbiqi

- Turizm sektorunun inkişafı. Bu sahədə həm antiinhisar və rəqabət mühitinin formalaşması istiqamətində, həm qiymət siyasətində kompleks tədbirlər görülməlidir ki, ölkənin turizm potensialı maksimum şəkildə reallaşdırıla bilsin

- Maliyyə sektorunun sağlamlaşdırılması və pul-kredit siyasətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi

- Sistemli şəkildə antiinhisar tədbirlərinin həyata keçirilməsi

- İqtisadiyyatın dövlət tənzimlənməsi və idarəedilməsi istiqamətində sistemli, struktur və institusional islahatların aparılması. Ölkədə iqtisadi idarəetməyə aid olan qurumların və top-menecmentin müasir şəraitin tələblərinə uyğunlaşdırılması

- İqtisadi çətinliklərə baxmayaraq, ölkədə elm, təhsil və səhiyyəyə dövlət dəstəyinin artırılması.