Böhran nə vaxt dayanacaq?

bohran-ne-vaxt-dayanacaq
Oxunma sayı: 2611

Dünya Sakit

Xətrini istədiyim qonşumun anası rəhmətə gedib. Yasdan qayıdan qonşum (yaşı 60-ı haqlamış qadındır) bəd xəbəri necə aldıqlarını danışdı mənə: “Gecənin yarısı tanımadığımız nömrədən oğluma zəng gəldi. Elə bildik, tanış biri var odur, dedik, yəqin borc istəyəcək, cavab vermədi. Sonra evimizə zəng gəldi, götürdüm, qardaşım idi, dedi, nənəmin (anasını nəzərdə tutur – D.S) halı pisləşib, gəlin. Oğluma zəng vuran da qardaşımın gəlini imiş, nömrəsi yoxuydu bizdə. Nənəmin son nəfəsinə güclə çatdırdım özümü...”

Oğlu ilə birlikdə meyvə-tərəvəz alveri edən xala borc istəyənlərin əlindən bezdiyini deyir: “İki ildir borc istəyənlərin sayı durmadan artır, bala... Alanların əksəriyyəti də dediyi vaxtda qaytarmır, bir ay deyən beş aydan sonra qaytara-qaytarmaya. Hamı ilə düşmən olmuşuq – verəndə də, verməyəndə də inciklik düşür. Bu işlərin axırı necə olacaq, sən bilərsən? Camaatın günü getidkcə daha da pisləşir, marketə gedirsən, hər gün qiymətlər artır, noolacaq axırımız?”.

Son zamanların ən çox səslənən sualı məni xırda bir axtarış etməyə həvəsləndirdi. Vəziyyəti əks etdirən 3 fakt diqqətimi çəkdi:

Fakt 1. 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 38, 02 milyard manatlıq – yəni ötən ilin analoji dövrü ilə müqayisədə 3,1 faiz az Ümumi Daxili Məhsul istehsal olunub (DSK). Bu, adambaşına ÜDM istehsalının 4,3 faiz azalması deməkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə isə 2016-cı ildə Azərbaycanda 2,4 faizlik iqtisadi azalma olacaq.

Fakt 2. Maliyyə naziri Samir Şərifov: "Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın."

Fakt 3. Prezidentin köməkçisi Əli Həsənov: “Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü.Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.

Fakt 1 ölkə iqtisadiyyatındakı durumun rəsmi statistik ifadəsidir.

Fakt 2 o deməkdir ki, neftin qiymətinin enişi ilə başlanan böhranın dibinə hələ çatmamışıq ki, ayağımızla o dibə tutunub yuxarı qalxa bilək. Ən qorxulusu da budur ki, o dibə nə vaxt çatacağımız heç baş maliyyəçimizə də bəlli deyil.

Fakt 3-dən aydın olur ki, böhran bizi hazırlıqsız yaxalayıb. Bu, həm də o deməkdir ki, biz ondan çıxış yollarımızı ən yaxşı halda hələ indi müəyyənləşdiririk. Həm Ə.Həsənov, həm də digər hökumət rəsmiləri ciddi islahatların olacağından danışırlar. Güman ki, yaxın zamanda bu barədə daha dəqiq məlumat ala biləcəyik.

Hələliksə müsbət işarə olaraq iki məsələni xüsusi qeyd etmək olar. Bunlardan birincisi, pambıqçılığın stimullaşdırılması üçün dövlət dəstəyinin tətbiqidir. Digəri və fikrimcə, ən mühümü isə kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verə biləcək ABAD-ın (Ailə Biznesinə Asan Dəstək) yaradılmasıdır. Belə sahibkarların kredit və satış bazarına çıxışının real olaraq ASANlaşdırılması baş tutarsa, böhrandan çıxışımız xeyli sürətlənər.

Lakin bir məqamı da qeyd etmək lazımdır ki, hətta böhrandan çıxmaq üçün ciddi islahatlar başlanıbsa belə, ən azı yaxın 2 ildə kəskin müsbət dönüş gözləmək sadəlövhlük olardı. Ən azından ortada saysız-hesabsız dünya təcrübələri var - ən yaxşı islahatla belə Azərbaycan kimi ölkələrdə 2 ildən qısa müddətdə müsbət effektə nail olmaq mümkün deyil.

Bu üzdən qonşuma dediyimi hamı üçün keçərli sayıram: Ən azı yaxın 1-2 il ərzində kəmərləriniz daha da sıxılacaq. Bütün planlarınızı üzüaşağı gedişi nəzərə almaqla qurun ki, sonra gecə zənglərinə möhtac qala, yaxud ondan qorxmayasınız...

P.S. Son olaraq qeyd edim ki, bizi bu böhrandan ən qısa müddətə çıxarmağı elə onun səbəbkarı - neft bacara bilər. Onun qiyməti kəskin artarsa (hansı ki, hazırda heç bir mənbə yaxın dövr üçün belə artımı proqnozlaşdırmır), ölkəyə dollar axını da arta və ən azı manatın dəyərsizləşməsi dayana bilər. Bunun başladılan islahatlara necə təsir edəcəyi isə başqa mövzudur...