“Biz istehsal tərzini dəyişməliyik” - Leyla Əliyeva

biz-istehsal-terzini-deyismeliyik-
Oxunma sayı: 3156

Heydər Əliyev Mərkəzində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva çıxış edib. O, bildirib ki, bu tədbir dünyanın diqqətini aclıq və ərzaq təhlükəsizliyi kimi çağırışlara cəlb etmək üçün böyük imkandır.

“Dəyişən iqlimin yeni reallığı ilə əlaqədar biz ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik. Əgər biz tədricən artan dünya əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatında dayanıqlılıq, məhsuldarlıq və davamlı inkişafa nail olmalıyıq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Dəniz mühitini yaşatmağa və ondan asılı olan kənd icmalarına yardım göstərilməsinə töhfə vermək məqsədilə göstərdiyimiz səylər sayəsində IDEA bu yaxınlarda Kür çayının deltasının çoxtərəfli təmizlənməsi layihəsini irəli sürüb. Bu layihə nəyə görə çox vacibdir? İlk olaraq onu bildirmək istərdim ki, Kür qərb sərhədlərimizdən başlayaraq Xəzər dənizinə qədər təxminən min kilometri qət edir və onun sahillərində yaşayan insanların həyatı üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Kür çayı dünyada ən qədim və nadir balıq növü olan Xəzər nərə balığının artmasının əsas sahəsidir”.

Tədbirin əhəmiyyətinə toxunan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və təminatı məsələlərinin indi hamını narahat etdiyini vurğulayıb. Nazir iqlim dəyişikliyindən ən çox kənd təsərrüfatı sahəsinin ziyan gördüyünü, ölkəmizdə son illərdə investisiyalar sayəsində su ehtiyatlarının artdığını deyib, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün görülən işlərdən danışıb, alternativ enerjidən istifadə və ağacəkmə kampaniyaları nəticəsində Azərbaycanda meşə sahələrinin ərazisinin xeyli artdığını vurğulayıb.