Beynəlxalq Bank “Təhlükəsiz kart” proqramının tətbiqinə başladı

beynelxalq-bank-tehlukesiz-kart-proqraminin-tetbiqine-basladi
Oxunma sayı: 883

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq “Təhlükəsiz kart” proqramının tətbiqinə başlayıb.

Qafqazinfo” xəbər verir ki, bu gün təqdim olunan layihə “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə, şirkətin qlobal “Sıfır məsuliyyət” (Zero liability) siyasəti çərçivəsində həyata keçirilir. Bu siyasət müştəriləri kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi qayğısından tam azad edir. Bu imkandan faydalanan müştəri özünün təsdiqləmədiyi ödənişlərə görə heç bir məsuliyyət daşımır. Belə ki, müştəri Bankın təmin etdiyi SMS-xəbərdarlıq, VİSA Verified, Mobil Bankçılıq xidmətinə qoşulur. Hesabı üzrə əməliyyatları mütəmadi nəzarətdə saxlayır. Hər hansı şübhəli əməliyyat barədə Bankı dərhal məlumatlandırır. Məlumatlar təhlil edilir. Əgər ödəniş əməliyyatını müştərinin özünün aparmadığı təsdiqini taparsa, bu zaman Bank müştəriyə dəymiş ziyanı əvvəlcədən ona ödəyir. Beləliklə, bu yenilik müştərilərə öz kartları vasitəsilə dünyanın istənilən yerində rahat alış-veriş etmək imkanı yaradır.

Bu proqram kart sahiblərini hər hansı fırıldaqçılıq hallarından qoruyur. Onlarda kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi barədə böyük əminlik yaradır. “Təhlükəsizlik və kart fırıldaqçılığı hallarının qarşısının alınması ən mühüm vəzifələrdən biridir. Bu, daha innovativ və daha təhlükəsiz texnologiyaların tətbiqini zəruri edir. Azərbaycan Beynəlxalq Bankı ilə həyata keçirdiyimiz bu proqramla indi Azərbaycandakı müştərilərimiz öz ödəniş əməliyyatlarını tam əminliklə həyata keçirə bilərlər”. VİSA-nın Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov belə deyib.

Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər şöbəsinin müdiri Eltəkin Rəhimov isə güman etdiyini bildirib ki, belə bir yenilik müştərilərin böyük marağına səbəb olacaq və Bankın VİSA ödəniş kartlarından istifadə edənlərin sayı daha da artacaq: “Bu müştərək proqram Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsinə də xoş bir töhfə olacaq” deyə E.Rəhimov vurğulayıb. 

Nigar Məmmədli