BANM-də “Schneider Electric” seminar keçirib

banm-de-schneider-electric-seminar-kecirib
Oxunma sayı: 739

İyunun 28-dən 30-dək Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schneider Electric” şirkətinin SOCAR-ın rəhbər və mühəndis-texniki işçiləri üçün birgə təşkil etdiyi “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda 3 günlük seminar keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, seminarın 3 sessiyasında standartlarla bağlı təqdim edilən məruzələr müəssisə və təşkilatların istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya, təhlükəsizlik texnikası, əmək və ətraf mühitin mühafizəsi, standartlaşdırma və bu sahələrdə layihələndirmə və tədqiqat işlərini həyata keçirən müxtəlif kateqoriyadan olan mütəxəssislər üçün nəzərdə tutulub.

Seminarın açılış mərasimində BANM-in rektoru Elmar Qasımov BANM-in strukturunda fəaliyyət göstərən Ömürboyu təhsil fakültəsinin iş planında təhlükəsizlik standartları üzrə müasir biliklərin yayılmasına xüsusi önəm verildiyini deyib, seminarın iştirakçılarına və “Schneider Electric” şirkətinin ekspertlərinə uğurlar arzulayıb.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov təhlükəsizlik məsələlərinin olduqca vacib olduğunu qeyd edib və seminarın işində uğurlar arzulayıb. 

Seminarın ilk iclasında SOCAR-ın struktur bölmələrinin, istehsalat müəssisələrinin, o cümlədən “Azərikimya” İstehsalat Birliyinin, “SOCAR-POLYMER” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, Heydər Əliyev adına Neft Emalı Zavodunun və Karbamid Zavodunun rəhbər və mühəndis-texniki işçiləri üçün “Proseslərin təhlükəsizliyinə rəhbərlik” və “Texnoloji proseslərin idarə edilməsi” sessiyalarının proqramları çərçivəsində Schneider Electric” şirkətinin ABŞ-dan dəvət olunmuş eksperti – Təhlükəsizlik xidmətləri təcrübəsi üzrə mütəxəssis, Dr. Farşad Hendi tərəfindən müasir standartlar üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

Tədbirdə sözügedən strukturların 50-yə yaxın əməkdaşı iştirak edib.

İyunun 29-da seminarın 2-ci sessiyası “İstismar və texniki xidmət” mövzusuna həsr olunub.

İyunun 30-da keçirilən seminarın 3-cü sessiyası isə funksional təhlükəsizlik məsələlərinə həsr olunub. 

Qeyd edək ki, BANM-in Ömürboyu təhsil fakültəsinin perspektiv planında istehsalatda təhlükəsizlik standartları üzrə belə tədbirlərin mütəmadi olaraq təşkili nəzərdə tutulub.