BANM Anqola şirkəti ilə əməkdaşlıq edəcək

banm-anqola-sirketi-ile-emekdasliq-edecek
Oxunma sayı: 633

Azərbaycanda səfərdə olan Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti Frederiko Ferraz Dominqos və həmin şirkətin vitse-prezidenti xanım Filomena Santos Oliveira Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və tələbələrlə görüşüblər.

Qafqazinfo”ya daxil olan məlumata görə, Elmar Qasımov BANM-in tarixi, fəaliyyət istiqaməti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vacibliyindən söz açıb.

Rektor BANM-in əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək onların Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrini daim genişləndirdiyini və beynəlxalq işgüzar əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. Rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Anqola daxilində, habelə digər ölkələrdə həyata keçirdiyi layihələr barədə söz açıb. O, şirkət daxilində fəaliyyət göstərən “Sonangol Academy” ilə BANM-in əlaqələrinin qurulması imkanlarından danışıb.

Qonaqlar BANM ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildiriblər. Görüşün sonunda Frederiko Ferraz Dominqosa BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.