“Bank Standard”ın bağlanma səbəbləri… - Bank bataqlığı böyüyür

bank-standardin-baglanma-sebebleri
Oxunma sayı: 4583

İqtisadi ekspert Samir Əliyev “Bank Standard” ın bağlanmasına münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, ekspertin sözlərinə görə, bu bankı son illər bağlanan ən böyük bank saymaq olar: “Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə, 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara, ya da yastıq altına yönələcək. Bu da dollara olan tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir”.

Ekspert əlavə edib ki, “Bank Standard” bağlanacaq sonuncu bank deyil: “Bu bankı devalvasiyadan sonra bağlanan 13-cü bank da saymaq olar. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir”.

İqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, lisenziyası ləğv olunan "Bank Standart"ın əmanətçilərə ödəyəcəyi 450 milyon manata yaxın vəsaiti də Mərkəzi Bank ödəyəcək: “ Çünki Fondun özünün vəsaiti tam tükənib. Bundan əvvəl bağlanan 10-dək bankın da qorunan depozitləri üçün Fonda 200 milyon manata yaxın vəsait ödənmişdi. Əlavə olaraq, Beynəxalq Bankın problemi aktivlərinin təmizlənməsi üçün Mərkəzi Bank hökumətə 6 milyard manata yaxın borc yönəldir. Hökumət bu pulu Mərkəzi Banka 2040-cı ildə qaytarmalıdır”.

Onun sözlərinə görə, təkcə 2 il ərzində Mərkəzi Bank tərəfindən bank sektorunun bataqlıqdan çıxarılmasına 7 milyard manata yaxın kredit yönəldilir: “Əlavə olaraq, iri dövlət şirkətlərinə (AZAL, SOCAR) 2 milyard manatdan çox dövlət zəmanəti ilə kredit ayrılıb.

Mərkəzi Bank çap maşınının işə salıb çox sürətlə və böyük həcmdə bir tərəfdən dövlət şirkətlərinə, bir tərəfdən bank sektoruna borc pullar paylayır.

Dünyada Mərkəzi Banklar kredit emissiyası vasitəsilə iqtisadiyyatı stimullaşdırır, emissiya olunan hər dollar vəsait real sektorda ən azı 4-5 dollar yeni pul yaradır.

Bizdə isə, Mərkəzi Bank təmizləyici suvuran maşın kimi səmərəsiz və yanlış idarəetmənin yaratdığı problemli aktivləri təmizləmək funksiyası yerinə yetirir. Mərkəzi Bankın kredit emissiyası nəinki dəyər yaratmır, əksinə bazarda xarici valyutaya çevrilməklə ölkənin valyuta sisteminin altında minaya çevrilir”.