Bank of Bakudan fiziki əlilliyi olan şəxslərə - İş təklifi

bank-of-bakudan-fiziki-elilliyi-olan-sexslere
Oxunma sayı: 1448

Noyabrın 30-da Bank of Baku son bir ay ərzində icra etdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi bağlanış mərasimini və Azərbaycanda İlk Əngəlsiz Karyera Sərgisini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bir çox məqamları ilə yadda qalan bağlanış mərasimində layihə iştirakçıları ilə yanaşı, təlimçilər, KİV nümayəndələri, Bank of Baku-nun və tərəfdaş təşkilatların rəhbər şəxsləri, həmçinin karyera sərgisində iştirak edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin ən böyük sürprizi isə Bank of Baku-nun özündən gəlib, belə ki, iştirakçılardan iki nəfərinə bankın Məlumat Mərkəzində işləmələri üçün rəsmi iş təklifi təqdim olunub. Bununla da, Bank of Baku layihənin təməl məqsədlərindən biri fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmalarında dəstək göstərməklə digər şirkətlər üçün nümunə olaraq xidmət edib.

Bir ay ərzində keçdikləri təlim mövzuları üzrə iştirakçıların sertifikatla təltif olunmaları ilə yekunlaşan bağlanış mərasiminin ardınca Azərbaycanın İLK Əngəlsiz Karyera Sərgisi rəsmi olaraq açıq elan olunub.

“Fiziki Məhdudiyyət Uğurlu Karyeraya Əngəl Deyil” şüarı altında keçirilən sərgidə 30-a yaxın müxtəlif sahələrdə fəaliyyət göstərən aşağıdakı yerli və beynəlxalq şirkət iştirak etdi: Fireworks HRM, AmCham, Coca-Cola, Synergy Group, Formula 1 – Baku Grand Prix, Paşa Bank, Paşa Sığorta, Atəşgah Sığorta, Halliburton, BOS Şelf MMC, 189 Taxi Xidməti, VTB Bank, Express Bank, Hilton Baku oteli, Jumeirah Bilgah Beach oteli, Veysəloğlu MMC, Avrora, “İntegral” QSC, NOVCO MMC, ANC Group (Rahat Marketlər Şəbəkəsi), Koton, ABC Telekom, Sabah Group, Park Cinema, STmark marketinq və konsaltinq şirkəti, Bank of Baku.

Bununla da ölkədə ilk dəfə olaraq fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmasına geniş imkan yaradılıb.
Sərgi, Fireworks HRM şirkətinin və Hilton Baku otelinin dəstəyilə həyata keçirilib.