“Aztelekom”un rabitə fəaliyyətində əlaqəsizlik - Araşdırma

aztelekomun-rabite-fealiyyetinde-elaqesizlik-arasdirma
Oxunma sayı: 2654




Azərbaycanda rabitə sektoru digər sahələrlə müqayisədə bir qədər rentabellidir deyə bilərik. Hətta bu sektorda tətbiq edilən yeniliklər dünyanın telekommunikasiya sistemlərinin inkişaf dinamikası ilə uzlaşmaq üçün zəmin də yaradır. Bununla belə ölkənin daxilində, rabitə təminatının formalaşması və inkişafında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bəzi strukturları nazirliyin proqram və inkişafa yönəlik təşəbbüslərinin sürətli inkişafına mane olur.

“Qafqazinfo”nun apardığı araşdırmalar nəticəsində bəlli olub ki, struktur etibarilə bəzi qurumlar var ki, onların mövcudluğu bəzən paradoksallıq da yaradır. Daha dəqiq ifadə etsək bəzi qurumlar subardinativ qaydada icra işlərini nəinki yetərli səviyyədə həll edə bilmir, əksər hallarda biz geriləmə və işgörməmə nəticələri ilə rastlaşırıq.

Təəssüf ki, belə qurumlardan biri də “Aztelekom” İstehsalat Birliyidir. Bu birlik 1992-ci ilin avqust ayında yaradılıb. Birlik öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Sirvan və Naftalan şəhər, həmçinin 49 rayon Telekommunikasiya Qovşağı), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.
Kifayət qədər geniş struktura malik olan bu birliyin idarə edilməsi üzrə mexanizmlər bəzən digər dövlət rabitə təşkilatları ilə toqquşur. Bu birliyin səlahiyyətləri RİTN-nin digər qurumları ilə eynilik təşkil edir. Quruma rəhbərliyi 2004-cü ildən Məhəmməd Məmmədov edir. Bu adam qoy bir dəfə hesabat versin ki, indiyə kimi başladığı hansı işi axıra çatdırıb.

Böyük bir qurum kimi «Aztelekom» ölkənin rabitə sektorunda gərəkilən işləri görürmü? Bu suala cavab axtarmaq üçün xüsusi olaraq geniş araşdırma tələb olunmur. İlk növbədə bu gün ölkənin kəndlərində telefon rabitəsinin mövcudluğuna diqqət yetirək. Dövlət başçısının 2009-cu ilin avqustunda imzaladığı «Regionların sosial-iqtisadi inkişaf proqramı» nda məhz ən ucqar kəndlərdə belə infrastrukturun yaradılması məqsədilə telefonlaşdırma və internetə sərbəst çıxışla bağlı da konkret məqamlar var. Bu proqramın əsas icra müddəti 2009-2013-cü illəri əhatə etsə də, hazırda kəndlərdə telefonlaşma demək olar ki, yetərli səviyyədə deyil.

Rəsmi statistikadan belə anlaşılır ki, 2000-2008-ci illərdə ölkənin kənd rayonlarda ATS -lərin yeniləşdirilməsi və onların modul tipli elektronlaşdırılmasına keçid ümumi göstəricilər üzrə 60 faiz təşkil edib. 2008-2010-cu illərdə isə biz «Aztelekom»un nəzərdə tutulan işlərin, yəni kənd ATS-lərinin yenilənməsi məqsədilə görülməli olan işlərin çox az faizini, yəni cəmi 4 faizini yerinə yetirdiyini görürük.

Müqayisə üçün bildirək ki, taksafon parkının yenilənməsinə xərclənən dövlət vəsaitləri ilə 100-dən çox kənd ATS-ni yeniləmək, 1000-ə yaxın telefon naqilləri üçün dirəklər almaq olardı ki, bu da ölkənin kəndlərində rabitənin daha da səmərəli işləməsinə xidmət edə bilərdi.

İndi isə keçək o məqama ki, «Aztelekom» məlum inkişaf proqramına uyğun olaraq həm də regionlarda İnternet provayder xidməti də göstərir. “Aztelekom” İB tərəfindən təsis edilən “Aztelekom.NET” İnternet Provayderi Azərbaycan regionlarında sürətli informasiya mübadiləsinin genişləndirilməsi məqsədi ilə yaradılıb. Amma nə yazıqlar olsun ki, bu provayderin tarifləri, qoşulma ilə bağlı texniki xərcləri Bakıdan 3-4 dəfə bahadır. Səbəb isə çox sadədir, regionlarda telefonlaşdırma şəraiti olduqca ağırdır.

İndi Azərbaycanın istənilən bir kəndində ən yaxşı halda on-onbeş telefon abunəçisi var. Hansı ki, ölkədə ən az əhalisi olan kəndin 500 nəfərdən çox sakini var.
Yeri gəlmişkən aztelekom.net –in 170 saylı qaynar telefonuna texniki xidmət üçün zəng etmək də çox bahadır, dəqiqəsi az qala 40 qəpik.
Amma biz araşdırma aparan zaman aztelekom.net-in imkanlarından istifadə edən cəmi bir neçə təşkilatın adını tapa bildik:
- Azərbaycan Respublikası Vergilər Departamenti
- AzerDemirYolBank
- “Fatoglu” Gəncə un emalı zavodu
Bundan başqa rəsmi olaraq «Aztelekom»un təsis etdiyi provayderin bir kənddə bir abunəçisinin olmasına dair heç bir məlumat ala bilmədik.
Apardığımız araşdırmalar zamanı daha bir fakt da ortaya çıxdı ki, birliyin sabit telefonun avtomatik şəhərlərarası çıxışı («0») bağlı olduğu halda sadəcə «107» yığmaqla şəhərlərarası və beynəlxalq istiqamətlərdə danışıq sifariş verə bilməsi də çox bahadır. Abunəçilər adətən bu xidmətdən ən son kritik situatsiyada istifadə edirlər. Bunun üçün onlar 107-ə zəng edirlər. Zəng pulludur. Sifariş qəbul edilir və əlavə olaraq danışıq haqqı da abunəçiyə ödəniş olaraq hesablanır. Yəni 107-ə telefon açmaq üçün bir, danışıq üçünsə, əlavə bir pul xərcləməli oluruq.

Bundan başqa az qala müstəqilliklə həmyaşıd olan bu 107 xidməti yalnız MDB məkanı ilə zənglərin qurulmasını təmir edir. Yəni hansısa ekstremal şəraitdə azərbaycanlı abunəçi sabit telefondan MDB-dən başqa heç bir yerə 107 vasitəsilə çıxış əldə edə bilmir.
Təbii ki, bütün bunlar «Aztelekom» İB-nin görməli və aradan qaldırmalı olduğu qüsurlardır. Qurumun rəhbərliyi isə üzərinə düşən vəzifələri icra etməməklə uzun illərdir diqqətdən kənarda qalır. B qüsurlar illərdir ki, davam edir və heç bir şəkildə aradan qaldırılacağı hiss edilmir...

Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.