Azercell-dən pulsuz göz müayinəsi

azercell-den-pulsuz-goz-muayinesi
Oxunma sayı: 1242

Azercell Telekom-un dörd illik tarixi olan “Mobil Göz Klinikası” sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Qafqazinfo” xəbər verir ki, klinikanın həkimləri bu ilin avqust və sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dayaq durublar. Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində, qonşusunun evində qalan tənha qadın Murzina Valentinanın iki gözündə katarakta aşkar olunub. Azercell-in, Xəzər Qayğıkeşlik mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində xanımın hər iki gözü uğurla əməliyyat edilib.

Azercell-in Mobil Göz klinikasının dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyinin həkim-oftalmoloqları ümumillikdə avqust və sentyabr aylarında 206 nəfərə pulsuz tibbi xidmət göstərib.

İlk olaraq Mingəçevir şəhərində valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstərilib. Həkimlər 29 böyük və 6 uşaq olmaqla 35 nəfəri müayinə ediblər. Həkimlərin geniş müayinələri nəticəsində 3 nəfərin gözündə katarakta aşkar edilib və qərara gəlinib ki, xəstələr oktyabr ayında keciriləcək pulsuz əməliyyat aksiyasından yararlansınlar.

Azercell-in Mobil Göz klinikasının həkimləri Mingəçevirdən sonra Ağstafa rayonuna səfərləri zamanı 30 nəfəri müayinə edərək, 19 nəfərə eynək reseptləri yazıb, 14 nəfərə müalicə təyin ediblər.

Azərbaycanın bölgələrinə səfərdən sonra Mobil Göz Klinikasının həkimləri Bakının bir sıra qəsəbələrində pulsuz yardımlarını davam etdiriblər. Bakının Pirallahı, Qaraçuxur, Bülbülə və Mərdəkan qəsəbələrində valideyn qayğısından məhrum olan 150 nəfərə yaxın kimsəsiz uşaq və aztəminatlı ailələrin üzvləri müayinədən keçib və müalicə alıblar.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər ediblər. Eyni zamanda klinikanın

həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.