Azərbaycanda dollara tələbat artıb - Səbəb nədir?

azerbaycanda-dollara-telebat-artib
Oxunma sayı: 7097

Son bir ayda banklar tərəfindən dollara kəskin tələbat hiss olunmaqdadır. Belə ki, iki gün əvvəl Dövlət Neft Fondu tərəfindən 50 milyon dollar məbləğində vəsait 28 banka satılıb. Artıq bu ayın əvvəlindən etibarən hərraca çıxarıan vəsaitlərin həcmi və bazarda iştirak edən bankların sayı artıb.

QafqazinfoBizimyol.info-ya istinadən xəbər verir ki, ilin birinci yarısında Neft Fondunun bazara çıxardığı 50 milyon dolların alıcısı olmadığına görə Mərkəzi Bankın özü iştirak etməyə məcbur qalmışdı. Çünki bu qurumların büdcə qarşısında öhdəlikləri var və bu öhdəliklər manatla icra olunur. Banklar hərraclarda iştirakdan imtina etdiyinə görə Mərkəzi Bank Neft Fondunun dollarını almaq məcburiyyətində qalmışdı.

Lakin iyul ayının əvvəlindən hər dəfə hərraca çıxarılan vəsaitlər 50-100 milyon dollara çatmaqla yanaşı, iştirak edən bankların da sayı 30-a çatıb. Birdən-birə dollara tələbatın artmasının səbəbi nədir? Bunun manata qarşı təsirləri nədən ibarət olacaq?

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev deyir ki, iyun ayından başlayaraq, banklar tərəfindən dollara tələbat artıb: "Əgər ilin əvvəlində hərraclarda iştirak edən bankların sayı 10-15 arasında dəyişirdisə, hazırda bu rəqəm 30-a çatıb. Hərraclarda bankların sayının artması dollara olan tələbatın yüksəlməsi ilə əlaqədardır".

S.Əliyevin sözlərinə görə, dollara tələbatın artmasının bir neçə səbəbi var: "Birincisi, bankların özlərinin xarici borclarının yaranmasıdır. Məsələn, Beynəlxalq Bankın xarici borcu bir neçə yüz milyondur. Bunun qarşılığında bazara çıxarılan 50 milyon kifayət etmir.

Banklar xarici borclarla bağlı öhdəliklərdən kütləvi şəkildə imtina edir, artıq ölkəyə yeni borclar cəlb etmirlər. Belə bir vəziyyətdə ölkədən dollarla kapital çıxışı onun gəlişindən daha çoxdur.

Digər səbəb, yay aylarında turizm mövsümünün genişlənməsidir. Azərbaycanda həmişə bu dövrdə turizm sektorunda mənfi saldo olur. Ölkədən gedən turistlərin sayı ölkəyə gələn turistlərin sayından çox olur".

İqtisadçı əlavə etdi ki, əsas fundamental səbəb isə tədiyyə balansında mənfi saldonun olmasıdır: "Birinci rübdə tədiyyə balansında mənfi saldo yaranıb. İkinci rübdə də çox güman ki, mənfi saldo olacaq. Çünki xarici ticarət dövriyyəsində saldo mənfi təşkil edir. Bizim də tədiyyə balansımızda həmişə cari hesablar balansı müsbət, digərləri mənfi olub. İndi cari hesablar balansının özündə mənfi saldo olub. Tədiyyə balansının mənfiyə düşməsi onu göstərir ki, idxalda canlanma var, ixrac isə əksinə, aşağı düşüb. Eyni zamanda birinci rübdə də dövlət büdcəsinin icrasında çox böyük kəsir yarandı. Bunun özü də manata təzyiqi artırır, dollara tələbatı artırır. Neft Fondu və Mərkəzi Bank tələbatı ödəməyə çalışır. İlin birinci yarısında Mərkəzi Bank bazara müdaxilə etmirdi. Ən yaxşı halda, alış həyata keçirirdi. Fevraldan sonra cəmi 2 dəfə hərraca dollar çıxardı. Bu vəziyyətin gərgin olduğunu göstərirdi".

İqtisadçı deyir ki, ölkədən çıxan dolların həcmi getdikcə artır: "Bu proses manata qarşı təzyiqi artırsa da, yay aylarında milli valyutanın məzənnəsində kəskin dəyişikliklər gözləmirəm. Amma payız və qış aylarında büdcəsinin icrasında problemlər yarana bilər. Bu zaman hökumət manatın müəyyən qədər ucuzlaşdırılmasına gedə bilər".