Azərbaycanda bahalaşma gözlənilir

azerbaycanda-bahalasma-gozlenilir
Oxunma sayı: 3994

Xəbər verdiyimiz kimi, noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sansiyaların tətbiqi haqqında fərman imzalayıb. Fərmana görə, Rusiya ərazisinə idxal olunan bir sıra türk mallarına qadağa qoyulub. Bu fərman bu gündən-dekabrın 1-dən qüvvəyə minib. Bu sırada isə ilk növbədə kənd təsərrüfatı məhsulları var. Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkəsinin tərəvəzlərin, ilk növbədə pomidorların idxalında alternativ bazar kimi xüsusilə Azərbaycan, İran, İsrail, Özbəkistan və Mərakeşin əvəz edəcəyini deyib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Rusiyanın Türkiyəyə qarşı sanksiya irəli sürməsi Azərbaycana birmənalı olaraq təsir göstərəcək.

Statistik məlumata görə, Türkiyə Rusiyaya 360 min tondan çox tomat, 250 min ton sitrus meyvələri ixrac edir. Ölkəyə idxal edilən ərzaq məhsullarının 20 faizi də Türkiyənin payına düşür.

Çox guman ki, bundan sonra Rusiya yaranan tələbatı ödəmək üçün məhsulları Azərbaycan və ona yaxın olan digər ölkələrdən idxal edəcək. Bu səbəbdən də ölkədə bahalaşmanın müşahidə edilməsi gözləniləndir. Çünki Rusiyaya aqrar məhsulların ixrac həcmi artmaqda davam edir və bu, daxili bazarda yerli məhsulların miqdarının azalmasına yol açır.

Ən pisi isə odur ki, ekspertlər bahalaşmanın hələ uzun müddət davam edəcəyini proqnozlaşdırır.

İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Azərbaycan az məhsul istehsal edir.

İstehsal etdiyi məhsulun da bir qismi Rusiyaya gedir. Bu da qiymətlərin çox sürətlə qalxmasına səbəb olur. Azərbaycan göndərdiyi məhsulun əvəzində özü hansısa ölkədən alış-veriş etməli olacaq. Məsələn, Türkiyə və İrandan. Nəticədə həmin məhsulların Azərbaycan bazarında qiyməti qalxacaq:

“Türkiyə istehsal etdiyi məhsulun 20%-ni Rusiyaya satırdı. Amma bundan sonra Rusiyanın təlabatını ödəmək üçün daha çox satmalı olacaq. Bu da azərbaycanlı istehsalçılara imkan yaradacaq ki, Rusiya bazarına daxil ola bilsinlər. Bu proqnoz öncədən planlaşdırılmadığı üçün mütləq daxili bazara öz təsirini göstərəcək, xüsusən, kənd təsərrüfatı mallarının qiyməti artacaq”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bunun əksini deyir. Nazirlik rəsmisi bildirib ki, Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin edir:

“Azərbaycan özü kifayət qədər məhsul istehsal edir. Odur ki, o, bu məhsulları xarici bazara ixrac etsə belə, öz əhalisinin təlabatını da ödəyə biləcək. Bunun üçün də qiymətlərdə artım olmayacaq”.

Araşdırmalardan belə nəticə çıxır ki, yaxın vaxtlarda yerli ərzaq məhsullarının qiymətlərində artım proqnozlaşdırılır. Bu da istənilən halda, əhali arasında ciddi narahatlığa yol açacaq. Daxili bazarda yaranan boşluq isə ölkəyə idxal olunan məhsullar hesabına doldurulacaq ki, bu məhsulların qiyməti də vətəndaşların cibinə uyğun olmayacaq.