“Azərbaycan tərəfi layihənin 50%-ni qarşılayacaq” - Nazir açıqladı

azerbaycan-terefi-layihenin-50-ni-qarsilayacaq
Oxunma sayı: 2070

“Azərbaycan İran əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Hər iki ölkə arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb. 538 İran şirkəti Azərbaycanda qeydiyyatdan keçib”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadi inkişaf naziri Şahin Mustafayev İranda keçirilən biznes formununun nəticələri ilə bağlı mətbuat konfransında deyib.

O, qeyd edib ki, bu sahədə potensial daha yüksəkdir və qeyri-neft sektorunda əməkdaşlıq artırılacaq: “Şirkətlərimiz də İranda biznes qurmağa meyillidir. Bir çox şirkətlər artıq yerli bazarı öyrənir. Strateji layihələr artacaq. Energetika sahəsində güclü layihələr və artıq sazişlər imzalanıb. Azərbaycan İrana enerji satacaq və bu səpkidə işlər aparılır. Azərbaycan tərəfində dəmiryolu tikintisi başa çatdırılıb. İranda da yaxın zamanda tamamlanacaq. Bu da iki ölkə arasında tranzit imkanlarını genişləndirir. Avtomobillər üçün 2017-ci ildə icazələrin artırılması razılığı əldə olunub. 10 mindən çox avtomobil keçəcək”.

Şahin Mustafayev əlavə edib ki, turizm sahəsində son 3 ildə böyük işlər görülüb:

“Viza rejimi sadələşdirilib. Naxçıvanda keçid məntəqələrində, Azərbaycanda hava limanlarında viza almaq hüququ verilib.

Bu ayın 22-23-də 65 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti İrana səfər edib. İlk olaraq Ərdəbildə rəsmi görüşlər keçirildi. 400 nəfərdən çox iş adamı forumda iştirak etdi. Marağın böyük olması bizi sevindirdi. İran rəsmiləri ilə bankçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu bildirdik. Azərbaycan banklarından birinin İranda filialı açılacaq. Beləliklə əməkdaşlığımız daha da artacaq. 3 il əvvəl İran biznesmenlərinin qarşılaşdığı problemlər artıq gözə görünmür. Artıq bircə işləmək qalıb və iş adamlarında da bu həvəsi biz görə bildik”.

Nazir bildirib ki, Görüşlərdə qərbi Azərbaycan vilayəti ilə Naxçıvan arasındakı əlaqələrin vacib olduğunu qeyd olunub:

"Qərbi Azərbaycan vilayəti bizim üçün həmişə vacib olub və orada kənd təsərrüfatı inkişaf edir. Yaxın gələcəkdə Azərbaycan, Türkiyə və İranın üçtərəfli görüşünü keçirmək istədiyimizi bildirdik. Hətta Naxçıvanda Gürcüstan da daxil olmaqla dördlü görüşün keçirilməsi ilə bağlı təkliflərimiz də irəli sürülüb”.

***

Çıxışında “Xudafərin Qız Qalası” layihəsindən danışan nazir bu layihənin vacib hesab etdiyini bidirib: "Səfər çərçivəsində bu sazişin həyata keçirildiyi ərazidə də olduq. İran tərəfi artıq bəndin tikintisini hazır edib. Azərbaycan tərəfi layihəyə baxıb 50%-ni qarşılayacaq. Layihədə hər iki tərəfin suverenliyi xüsusi vurğulanıb. Hər iki ölkənin ərazi bütövlüyü nəzərə alınıb və bu, bizim üçün vacib faktordur. Sazişdə İran tərəfi təhlükəsizliyi təmin edəcəyi göstərilib.

Biz həmin zamanda Azərbaycan torpaqlarında olduq. İşğal altında olan Xudafərin körpüsündə olduq, kənd tamam yerlə-yeksan olunub. Biz bir daha erməni vandalizminin şahidi olduq. Bu saziş nəticəsində gələcəkdə həmin ərazilərdə fəaliyyətimiz bərpa olunacaq".

Səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan “Xudafərin və Qız Qalası” layihəsinin icrası ilə tanış olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev qeyd edib ki, hələ sovet dövründə bu məsələ uzun müddət müzakirə mövzusu olub və bu istiqamətində xeyli danışıqlar aparılıb. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı il 23 fevral tarixində "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanıb. “Xudafərin və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Qeyd edim ki, bu sənədlər İran Parlamenti tərəfindən ən tez ratifikasiya olunmuş sənədlərdəndir.

Azərbaycan nümayəndə heyətinin “Xudafərin” və “Qız qalası” layihəsinin icrası ilə tanışlığı da məhz bu əlamətdar tarixə - 23 fevrala təsadüf edir. 2017-ci ilin yanvarında Azərbaycan Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub.

“Xudafərin və “Qız Qalası” layihəsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu Azərbaycana layihənin idarəetməsində fəal iştiraka və suvarmaya böyük imkan yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metrdir. Su tutumu 1.6 mlrd. kub metrdir.

“Xudafərin və “Qız Qalası” Sazişində hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. İşğal olunmuş ərazilərdə Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran ilə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin təzahürüdür. Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub. Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb.

Şahin Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. “Xudafərin” və “Qız qalası” layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir.

İşğaldan azad edilmiş Cocuq Mərcanlıda Prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb.

“Xudafərin” və “Qız qalası” layihəsi Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür. Nazir Şahin Mustafayev vurğulayıb ki, “Xudafərin” və “Qız qalası” layihəsində İran Prezidentinin siyasi dəstəyi, İran Parlamentinin və hökumətinin xüsusi rolu olub və bu baxımdan İran tərəfinə minnətdarlığını bildirib.

Günel Hacı