“Apteklər dərmanı baha satmaq üçün gözlədilər, nəticədə müştəri itirdilər”

aptekler-dermani-baha-satmaq-ucun-gozlediler-neticede-musteri-itirdiler
Oxunma sayı: 1704

“Son 2 ildə 10166 dərmanın qiyməti dövlət tərəfindən tənzimlənib”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Tarif Şurasının katibi İlkin Məcidov bu gün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Katib bildirib ki, beynəlxalq ölkələrdə dərman vasitələrinin dövlət tərəfindən tənzimlənməsi praktikasından geniş istifadə olunur:

“Dərman bazarı digər sahələrdən xeyli fərqlənir. İstehlakçılar dərman vasitələri barədə kifayət qədər məlumatlı olmadığı üçün satışda süni qiymət artımları müşahidə olunur. Bizim əsas məqsədimiz bu bahalaşmanın qarşısını almaq, manipulyasiyaya şərait yaratmamaqdır. Adi bir misal çəkim, 2 il əvvəl 10-13 manat olan dərman tənzimləmədən sonra 2 manata yaxın bir qiymət müəyyən olunur.

Qiymətlər dərmanın təchizatında problem yaranmayacaq şəkildə tənzimlənməlidir. Dərman vasitələri əvvəlcə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınır, daha sonra istehsalçılar Tarif Şurasına müraciət edir. Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən 10 istinad ( Polşa, Yunanıstan, Türkiyə və s.) ölkəsi ilə müqayisə olunur və ortalarında bir rəqəm müəyyənləşdirilir. Daha sonra marka istehsalçı və aptekin marja faizləri əlavə olunaraq topdan və pərakəndə yolu ilə dərman satışa çıxarılır. Hər gün ölkədə 100 minlərlə dərman satılır. Hazırda hər hansı bir dərman qıtlığından söhbət gedə bilməz. Apteklər sonradan daha baha satmaq üçün süni dərman qıtlığı yaratdılar. Nəticədə müştəri itirdilər. Bu kimi hallar müşahidə olunduqda sahibkar cəzalandırılır”.

Bildirilib ki, hazırda qutu sayına görə, 50%-dən çox dərman Avropadan gəlir, tərkib üzrə isə bu rəqəm 70-80%-dən yuxarıdır. Qiymətləri məzənnəyə uyğun müəyyənləşdirmək üçün gələcəkdə dərmanların barkod sisteminə keçirilməsi planlaşdırılır.

***

Konfransda həkimlərin firmalarla işləməsi məsələsinə də toxunulub. Bildirilib ki, artıq 2 ildən çoxdur ki, bu halın qarşısını almaq üçün işlər görülür. Firma nümayəndələrinin iş vaxtı xəstəxanada girişinə məhdudiyyət qoyulub. Ancaq dünya praktikasında da bu hal müşahidə olunur.

Günel Hacı