78 dövlət əmlakı hərraca çıxarılıb

78-dovlet-emlaki-herraca-cixarilib
Oxunma sayı: 1070

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərracların keçirilməsi davam etdirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 22 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib. Bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. 

Hərraca çıxarılan dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sırasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.

Digər əmlaklardan 36-ı kiçik dövlət müəssisə və obyektidir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan digər əmlaklardan 16-ı isə Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. 

Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac"larda iştirak edə bilər.