“30 min iş yerinin bağlanması ciddi məsələdir”

30-min-is-yerinin-baglanmasi-ciddi-meseledir
Oxunma sayı: 3311

İndiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülür, yeni iş yerləri yaradılır.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin 2016- cı ilin büdcə zərfinə həsr olunmuş plenar iclasının ilk iş günündə hesabat çıxışında deyib.

Onun sözlərinə görə, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar əl-ələ veriblər: “ Belə ki, 2016- cı il büdcəsi göstərdi ki, bu qurumlar koordinasıyalı çox tutarlı bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər. Təbii ki, bizim problemlərimiz də var. Odur ki, bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerləri yaradılmasıdır. Əlbəttə ki, indiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq”.

Komitə sədri deyib ki, dövlət başçısının təşəbbüsü ilə yaxın zamanlarda Vergilər Məcəlləsinənövbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək: “ Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Belə olan halda da ,Neft Fondunda toplanmış vəsaitləri iri layihələrə cəlb edərik. Həmçinin gizli iqtisadiyyatın ildə iki-üç faiz aşağı düşməsini reallaşdıra bilsək, bu iqtisadiyatın inkişafında böyük nailiyyətə səbəb olar”.

Z. Səmədzadə əlavə edib ki, dünyanın ən az borcu olan ölkələrindəyik: “ Manatın devalvasiyasından sonra borclanma bir az artdı. Amma biz təxminən dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü-dördüncü yeri tuturuq”.

Günel Türksoy