“200 milyard dollardan artıq vəsait qoyulub” - İlham Əliyev

200-milyard-dollardan-artiq-vesait-qoyulub
Oxunma sayı: 2003

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə bəyanat verib.

"Qafqazinfo" ölkə başçısının bəyanatını təqdim edir:

"Öncə dəvətinizə görə minnətdaram. Mən sizinlə görüşməkdən və əməkdaşlığımıza aid olan mühüm məsələləri müzakirə etməkdən çox şadam. Sizin 2015-ci ildə Azərbaycana etdiyiniz çox uğurlu səfəriniz yadımdadır. Səfər zamanı biz əməkdaşlıq perspektivlərini müzakirə etdik. Çox məmnunam ki, sabahdan siz qeyd etdiyiniz kimi, yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.

Əlbəttə, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik.

Cənab prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı.

Bu gün biz daşımalar sahəsində gələcək potensial əməkdaşlığı da müzakirə etdik. Bu, Şərq Tərəfdaşlığı və Avropa ölkələri üçün cəlbedici ola biləcək mühüm layihədir. Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut ümid edirik ki, bu il artıq istifadəyə veriləcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq.

Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Bunu qeyd etdiyinə görə cənab prezidentə minnətdaram. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.

Onu da qeyd etmək istəyirəm ki, bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdəbir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Bu gün əməkdaşlığımızın tarixində əlamətdar bir gündür. Çünki işbirliyimizin yeni səhifəsini açırıq. Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirmədən sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər. Çox sağ olun".