19 dövlət əmlakı özəlləşdirildi

19-dovlet-emlaki-ozellesdirildi
Oxunma sayı: 985

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabr tarixində keçirilmiş növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, hərracın nəticəsinə əsasən 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib.

Bir istifadəsiz qeyri-yaşayış sahəsi və bir nəqliyyat vasitəsi üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 3-ü paytaxtda, 1-i Gəncədə, 2-si Tovuzda, qeyri-yaşayış sahələrinin 1-i Bakıda, 2-si isə Göyçayda yerləşir. Hərracda təklif olunan ən yüksək qiymət Gəncə şəhərindəki “Sünbül” kafesi və Tovuz rayonundakı Tara bazasının anbar binası üzrə qeydə alınıb. Belə ki, bu əmlaklar müvafiq olaraq 100 min və 68 min manata satılıb. Paytaxın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Elnur” kafesinə 40 min manata, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi isə 25 min manata özəlləşdirilib. Qeyd edək ki, paytaxt və regionlarda belə kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi ölkədə kiçik və orta sahibkarlığın qurulmasına, biznes mühitinin canlanmasına əlverişli şərait yaradır.

Hərracda satılmış 2 iri müəssisə sənayə və aqrar sahələrə aiddir. Belə ki, “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.