“Yarıçılpaq şəkil paylaşmaqla özümü kiməsə göstərmirəm” - Çempion cüdoçu

yaricilpaq-sekil-paylasmaqla-ozumu-kimese-gostermirem
Oxunma sayı: 9368

Yeniyetmələr və gənclər arasında 3 qat Avropa Çempionu, gənclər arasında keçirilən dünya birinciliyinin bürünc medalçısı, bir sıra beynəlxalq yarışların qalibi cüdoçu Hidayət Heydərovun “Qafqazinfo”ya müsahibəsi:

- Bir neçə gün əvvəl İspaniyadan qızıl medalla döndünüz. Çempion olmaq necə bir hissdir?

- Qızıl medal üçün kürsüyə qalxmaq elə bir hissdir ki, nə mən indi o anı başa sala bilərəm, nə də ki həmin hissi yaşamayanlar anlayar. Sadəcə onu deyə bilərəm ki, xoşbəxtəm. Çempionata Qazaxıstanda hazırlaşmışdıq. Yarışlarımız vaxt baxımından qısa çəksə də, arxasında böyük əziyyət var. İl boyu döyüşlərə çıxırıq, səhər-axşam məşqlərimiz olur. Avropa kuboklarında xal yığıb çempionata vəsiqə qazanırıq. Bu çempionatda hamı məndən qızıl medal gözləyirdi. Elə özüm də.

- İdmançıdan “qızıl” gözlənilməsi onu döyüşlərdə daha rahat edir, yoxsa bu, əlavə məsuliyyət deməkdir?

- Düzü, yarışlara çox güclü hazırlaşdığım üçün medalı gözləyirdim. Ancaq qarşılaşdığım rəqiblərin hamısı çox güclüydü. Döşəyə çıxanda xüsusi atmosferə düşürsən. Hətta ilk döyüşümdə fikirləşdim ki, yox, məndə alınmayacaq. O qədər əziyyətim boşa gedəcək. Ancaq qarşı tərəf xal qazananda, sanki ayıldım, təmiz qələbəmlə oyun başa çatdı. Yaxşı ki, elə ilk görüşüm o cür oldu, yoxsa, hər şey daha pis ola bilərdi. Sonrakı döyüşlərdə daha diqqətli oldum.

- Çempionatdan gəlmisiz, istirahət edəcəksiz, yoxsa yeni yarışlar sizi gözləyir?

- 10 gün sonra Özbəkistanda böyüklər arasında qran-pri var, orada iştirak edəcəm. Daha sonra da 23 yaşlılar arasında Avropa Çempionatına qatılacam.

- Böyüklərlə yarışmaq sizin üçün çətin olmur? Hələ 19 yaşınız var.

- Əslində çətin olur, son bir neçə saniyə qalmış uduzduğum döyüşlər var. Baxmayaraq ki, təcrübəm çoxdur, müəllimlərim səbəb kimi gücümün çatmadığını deyir. Bundan başqa, gənclərlə böyüklərin düşüncəsində də xeyli fərq var.

- Nə vaxtdan cüdo ilə məşğul olmağa başlamısız?

- 6 yaşım olanda atam idmanla məşğul olmağımı istədi. İlk olaraq taekvondoya qoydular. Bir gün getdim, sonra ağladım ki, istəmirəm, getmirəm. Amma cüdo növü mənə nəsə yaxın gəldi, məşğul oldum, nailiyyətlər qazandıqca daha da həvəsləndim.

- Əvvəllər cüdoçu qızlar federasiyada problemlər yaşadıqları üçün tez-tez mediaya müraciət edirdi. İndi rəhbər dəyişib, yenə narazılıqlar var?

- Bir idmançı üçün əsas olan rahatlıq və şəraitdir. O da hazırda bizim üçün təmin olunub. Şəxsi müəllimim Tərlan Həsənovdur. Məşqlərdən çox görüşməyə vaxtımız olmasa da, daim maraqlanır. Onun məsləhətləri mənə bəs olur.

- Azərbaycan Olimpiadalarda qaliblərə ən yüksək mükafat verən ölkələrdən biridir. Çempionatda qalib olduğunuz zaman da mükafat verilir?

- Hə, əlbəttə. Son çempionatlıqdan sonra mükafatlandırma olmayıb, ancaq yaxın günlərdə bizi yığacaqlar. Hər yerə görə mükafatlar fərqli olur. Əslində, biz döşəyə çıxanda nə pul, nə də mükafat barəsində düşünmürük. Tək istəyimiz bayrağımızı qaldırmaq, bizi dəstəkləyənlərin üzünə dik baxa bilməkdir. Xüsusilə də, qarşımızdakı erməni idmançı olarsa. Ancaq sonradan uğurlarımızın belə dəyərləndirilməsi bizə əlavə motivasiya verir.

- Bəs qazancınızı necə xərcləyirsiniz? İzlədiyim qədərilə bahalı maşınlara marağınız var.

- Maşınlara marağım böyükdür, ancaq istədiyim maşını ala bilmək üçün hələ çox çalışmalıyam. Pulumu ailəmə verirəm. Baxmayaraq evimizdə hamı işləyir, ancaq həmişə istəmişəm ki, mənim də bir köməyim dəysin. Əslində xərcim elə də çox olmur. İlk qazancım 2011-ci ildə 94 manat olub. O zaman balacaydım, 1 il tez yeniyetmələr arasında respublika yarışlarına çıxdım və üçüncü yer tutdum. Ondan sonra maaş yazdılar. 14 yaşında maaş almaq çox gözəl hissdir.

- Bəzən elə hallar olur ki, idmançılar öz gücündən adi həyatda da istifadə edirlər. Sosial şəbəkələrdə aktivsiz və xeyli sayda şərh gəlir. Mənfi və ya təhqiredici şərhlər görən zaman münasibətiniz necə olur?

- Çox səbirli insanam. Düzü, hələ elə bir şeylə qarşılaşmamışam, ancaq olsa da gücümdən istifadə etmərəm. İnsanlar eyni deyil, söz də deyən olacaq, bəyənməyən də. Ancaq görüşə çağırmaq, döşəkdən kənarda kimləsə dalaşmaq mənlik deyil. İndiyə kimi kənarda kimləsə döyüşməmişəm. İdmançı sakit olmalıdır, biz bacarığımızı rinqdə, döyüşlərdə göstərməliyik.

- Bəs məşqlərdən boş vaxtınız qalanda necə dəyərləndirirsiz?

- Döyüşlərə və futbola baxıram. Nə yalan deyim, kitab oxuyan deyiləm, ancaq filmlərə baxmağı xoşlayıram. Bəlkə də gülməli səslənəcək, ancaq cizgi filmləri çox sevirəm. “Tom və Cerri” , “Baks Banni” kimi cizgi filmlərinə günlərlə baxa bilərəm. Mənə elə gəlir ki, yaşından və peşəsindən asılı olmayaraq, hamı cizgi filmə baxmağı sevir.
- Bildiyim qədər futbolla da maraqlanırsınız, bəs ölkə futbolu necə? Heç klublarımızın oyununu izləmək üçün stadiona getmisiniz? Özünüz də idmançısınız və tribuna dəstəyinin nə demək olduğunu yaxşı bilirsiniz.
- Hə düzdür, idmançılar üçün dəstək vacibdir. Ancaq o dəstəyin çox, ya da az olması elə bizdən-idmançılardan asılıdır. Məsələn, marağıma səbəb olmayan nəyəsə baxmaq mənim üçün yorucu və çətindir. Futbol komanda oyunudur və insan baxdıqca zövq alır. Gəl ki, bizim futbolda komanda oyununu görmək mümkün deyil. Neçə dəfə getmək istəmişəm, alınmayıb. İndi planımda var, qarşıdakı oyunlara gedəcəm.

- Futbolumuzun zəif olmasını nədə görürsünüz? Maliyyə cəhətdəndir, yoxsa futbolçularımız öz üzərində işləmir?

- Maliyyə mühüm rol oynayır, ancaq idmançıdan da çox şey asılıdır. Komanda oyunlarında bu özünü daha çox bəlli edir. Məsələn, biz komanda oyunlarına çıxanda mən daha çox diqqətli və qələbə əzmli oluram. Çünki mənim hər hansı bir uğursuzluğum komandanı bir pillə arxaya aparır. Özümdən qabaq komandanı fikirləşirəm. Əfsuslar olsun ki, futbolumuzda hələ bu əzmkarlığı, komanda işini görə bilmirik.

- Bəs sizin döyüşlərinizə maraq necədir?

- Məncə, kifayət qədər maraq var. Döyüşəndə fikir vermişəm, xeyli insan olur. Xüsusilə də, balacalar. Onlar sosial şəbəkələrdə məni tapıb güləşlərimi bəyəndiklərini yazırlar. Çalışıram, heç kimi cavabsız qoymayım. Cüdoya yeni başlayan uşaqlarla tez-tez söhbətləşirik, suallarını cavablandırıram. Onların hər xoş sözü məndə ruh yüksəkliyi yaradır, özümə daha çox əmin oluram.

- Baxımlı gəncsiniz, yəqin ki, xoş sözlər yazanlar arasında qızlar da var.

- Olur, ancaq bu kimi mesajlara cavab yazmıram. Bu, sevgilim olduğu üçün belə deyil, xarakterim bu cür formalaşıb. Sosial şəbəkələrdə köynəksiz şəkil paylaşmağı sevirəmsə, o demək deyil ki, özümü, əzələlərimi kiməsə göstərmək istəyirəm. Sadəcə mən rahat bir mühitdə böyümüşəm və qıraq fikirlərə əhəmiyyət verən biri deyiləm.

- Saçınız döyüşlərdə mane olmur?

- Saçımı çox sevirəm, ancaq görsəm ki, mane olur, kəsərəm. Hətta daha uzun idi, bu, qısa halıdır. Müəllimlərim əvvəllər “mentalitetimiz var, bu nə saçdır, qırxdır”- deyirdilər, indi qarışmırlar. Belə deyək, nailiyyətlərim artdıqca saç, geyim arxa plana düşdü.

- Profilinizi izlədiyim qədərilə deyə bilərəm ki, səyahəti sevirsiz. Getmək istədiyiniz yerlər qalıb?

- Ən böyük arzum Mayamidə yaşamaqdır. Bir dəfə olmuşam, yenə getmək istəyirəm. Gəzdiyim ölkələr arasında ən çox bəyəndiklərim Fransa, Braziliya və Mayamidir.

- Hələ yaşınız azdır, yəqin ki, gələcək üçün xeyli planlarınız var.

- Hazırda əsas hədəfin 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada yer tutmaqdır. Yer tutmaq ona görə deyirəm ki, olimpiada ən güclülərin yarışıdır və ilk dəfə iştirak edəcəyim üçün təcrübəsiz ola bilərəm, mütləq qızıl medal qazanacam deyə böyük danışmayım. Ancaq hədəfim “qızıl” olacaq. Çünki, özümdə o gücü görürəm. Həm yeniyetmələr, həm də gənclər arasında keçirilən yarışlarda kifayət qədər yüksək nəticələrim var. Böyüklər arasında niyə də fərqlənməyim? Bundan başqa, İdman Akademiyasının 3-cü kursunda təhsil alıram, əsas məqsədlərimdən biri təhsilimi uğurla tamamlamaqdır. 15-20 il sonra da özümü biznesdə sınamaq istəyərəm.

Günel Hacı
Fotolar: Nuran Məmmədov