“Xaqani Məmmədov hakimin səhvini etiraf etdi” - Klub prezidenti

xaqani-memmedov-hakimin-sehvini-etiraf-etdi
Oxunma sayı: 1152

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qafqazinfo” xəbər verir ki, "kimyaçılar"ın prezidenti Kamran Quliyev oyundan sonra qarşılaşma haqda fikirlərini bildirdikdən sonra əməkdaşımızın da suallarını cavablandırıb

- Bu qələbə sizi çox sevindirdi?

- Çox çətin oyun keçdi. Bildiyiniz kimi, son vaxtlar "Neftçi”də dəyişikliklər baş verib. Onlar da meydana qələbə qazanmaq üçün çıxmışdılar. Bunun nəticəsində də qapımızda erkən qol gördük. Ancaq buraxılan qoldan sonra komanda "sınmadı”. Düzdü, mənim bu açıqlamam düzgün deyil. Ancaq Yusifin bu gün oynadığı oyunu tərifləməliyəm. Ümid edirəm ki, o, mənim bu sözlərimdən sonra öz üzərində ikiqat işləyəcək. Yusif öz üzərində çalışsa, yaxşı gələcəyi olacaq. Bu iki iki gözəl qol vurduq. Seymur Əsədovun vurduğu qol da xoşuma gəldi. Ancaq son 20 dəqiqədə geriyə çəkildik və çox çətin oldu.

- Kamran bəy, "Neftçi”nin hazırkı durumu qələbəni asanlaşdırdı?

- Ola bilər. "Neftçi” hazırda keçid dönəmindədi. Bir rəhbərlik gedib, digəri gəlib və baş məşqçi dəyişikliyi baş verib. "Neftçi”nin keyfiyyətli futbolçuları var. Hesab edirəm ki, "Neftçi” hazırda potensialının 50 faizini ortaya qoya bilir.

- Oyunun gedişi zamanı millimizin baş məşqçisi Robert Prosineçki ilə söhbət edirdiniz. Ondan komandanızın hansısa futbolçusunu milliyə dəvət etməsini istəmirdiniz?

- Razılaşaq ki, siz Prosineçkini məndən çox görürsünüz. Prosineçki öz gördüyünü edir. Ona nə qədər söz deyilsə də... Sadəcə, elə biş şey soruşa bilər ki, onu bilməz. Mən onunla danışdıqlarımızı sizə deyə bilmərəm.

- Amil Yunanov istedadlı futbolçu olsa da, bu mövsüm qol hesabını aça bilməyib...

- Deməzdim ki, itib-batıb. Amil ötən tur əlinə düşən imkanlardan istifadə edə bilmədi. Qeyri-stabildi, amma istedadlıdı.

- Ötən tur "Sumqayıt”a qarşı haqsızlıq oldu. Həmin görüşdən sonra PFL rəhərliyi və ya Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşünüz olmadı?

- “Qəbələ”ni tərk etmədən Xaqani Məmmədova zəng etdim. O, müxtəlif kameralara baxdıqdan sonra cavab verə biləcəyini bildirdi. Həmin günün səhəri əlaqə saxladıq və etiraf etdi ki, qapımıza vurulan qolda oyundankənar vəziyyət olub.

- Üzr istəmədi?

- Səhvi Xaqani Məmmədov etməyib ki, üzr istəsin. Amma belə hallar olanda yan xətt hakimi cəzasını almalıdı! Mən həmin epizodda Rauf Cabarovun səhvinin olduğunu düşünürəm.

- Ötən tur baş məşqçi Samir Abasov heyətin kasad olmasından şikayətlənmişdi və rəhbərliyə qarşı üsyan etmişdi. Bu hadisədən sonra onunla görüşünüz olub?

- Bəli, görüşmüşük. Ola bilər ki, Abasov əsəbi olub. Biz "Qəbələ” ilə oyunda məğlub olmalı deyildik. Düzdü, "Qəbələ” bizdən güclüdü, üstün komandadı. Amma bizim həmin oyuna bir xal qazanmaq imkanımız var idi. Mən dəqiq deyirəm ki, Samir Abasov əsəbi olub. Bu barədə Samirlə söhbətimiz olub.

- Belə həqiqətləri dediyinə görə Samir Abasova alqış düşürmü?

- Biz belə məsələləri klubun daxilində həll edirik. Dediyim kimi, Samir Abasovla da söhbətimiz olub.

- Amma suala cavab vermədiniz... Samir Abasova alqış düşürmü?

- Samir Abasova da alqış düşür, komandaya da.