“Xaqani Məmmədov getsin nərd oynasın”

xaqani-memmedov-getsin-nerd-oynasin
Oxunma sayı: 1424

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “İnter” – “Qarabağ” görüşünü idarə edən Elvin Əsgərovun qərarlarının müzakirəsi bitmək bilmir.

“Qafqazinfo” xəbər verir ki, referinin “bankirlər”in qapısına verdiyi yanlış penalti qərarından sonra yaşananlar və buna görə AFFA İntizam Komitəsinin kluba verdiyi cəzalar çox ağır olub.

Paytaxt təmsilçisinin futbolçuları - Georgi Lomaya və Zurab Xizinaşvili 4 oyunluq cəza, kluba isə 14 min manatlıq cərimə verilib. Buna əsəbiləşən “İnter” fan-klubu növbəti oyunlarda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu istefaya səsləyəcəklərini bildiriblər:

“Ölkə çempionatının startından bəri Premyer Liqada hakim səhvləri baş alıb gedir. Bizim əsas etirazımız son turda “Qarabağ”la keçirilən oyunadı. Hamı gördü ki, həmin epizodda penalti yox idi. Əgər George Lomaya təmiz topa oynayıbsa, niyə 4 matçlıq cəza alıb? Bizim əsas tələbimiz Lomayanın cəzasının ləğv olunmasıdı. Xaqani Məmmədov hər şeyi görür, ört-basdır edir, hakimlər səhv etsə belə, onların tərəfini saxlayır. Bundan əlavə, komandamıza kəsilən pul cəzası da çox ağır qərardı, bunun da ləğvini tələb edirik. Çünki hazırda “İnter”in maddi vəziyyətinin nə yerdə olduğunu bilirsiniz. Fikrimizcə, Xaqani bəy son vaxtlar hakim yetişdirə bilmir və ona görə də istefa verməlidi. Ümumiyyətlə, klubumuza verilən cəzalar ləğv olunmasa, “İnter” azarkeşləri hər matçda Məmmədovu istefaya səsləyəcəyik. Hazırda növbəti oyun üçün “Xaqani - İstefa” yazılmış pankart hazırlayırıq. Ona məsləhətimiz budu ki, qocalıb, getsin, nərdini oynasın. Matçda verdiyi qərarlardan sonra görüşün hakimi Elvin Əsgərov çıxıb deyir ki, haqlıdı. Onda belə çıxır ki, bu qədər insan yalan danışır? Elvin kimi hakimləri həvəskarlar liqasına və ya Bakı birinciliyinin oyunlarına göndərmək lazımdı”.